ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin diplomatları bazar ertəsi Fransanın çıxışı zamanı Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər. Bu addım ötən həftə fransız diplomatların Vaşinqtonla bağlı səsləndirdiyi bəyanata etiraz əlaməti olaraq atılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, Fransa nümayəndəsinin çıxışı müddətində Təhlükəsizlik Şurasında ABŞ təmsilçilərinin yerləri boş qalıb. Çıxış bitdikdən sonra amerikalı diplomatlar yenidən iclas zalına qayıdıblar.
"Qeyd etmək istərdim ki, burada Şuranın haqlı qəzəb nümayiş etdirərək, istənilən mövzuda digərlərinə nəsihət verməyə çalışan bir üzvü var. İstər bu gün müzakirə etdiyimiz (Ukrayna) münaqişəsi olsun, istərsə də sülh və təhlükəsizliklə əlaqəsi olmayan insan hüquqları kimi məsələlər olsun. Məhz bu səbəbdən biz Fransanın çıxışı zamanı zalı tərk etdik", - deyə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqrea sonrakı çıxışında vəziyyəti izah edib.
Bu demarşa səbəb Fransanın Cenevrədəki BMT nümayəndəliyinin "X" sosial şəbəkəsində BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün səlahiyyət müddətinin uzadılması ilə bağlı etdiyi paylaşım olub. Nyu-Yorkda, təşkilatın mənzil-qərargahında keçirilən səsvermə zamanı Amerika Birləşmiş Ştatları Rusiya ilə birlikdə Türkün daha dörd il vəzifəsində qalmasına qarşı çıxıb, Fransa isə ali komissarın səlahiyyətlərinin uzadılmasını dəstəkləyib. Səsvermənin ardınca fransız diplomatlar bildiriblər ki, ABŞ vaxtilə insan hüquqları məsələsində bir mayak idi, lakin artıq belə deyil.