Moskvanın mərkəzində yerləşən "Balzi Rossi" restoranında baş verən partlayış nəticəsində həlak olanların sayı beş nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, yaralılardan daha iki nəfər xəstəxanada vəfat edib. Hazırda altıdan çox şəxsin vəziyyəti ağırdır və həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparırlar.
Xatırladaq ki, hadisə avqustun 1-də Kudrinskaya meydanında yerləşən restoranda baş verib. İlkin məlumata əsasən, naməlum qadın əldəqayırma partlayıcı qurğunu restoranın içərisinə keçirməyə cəhd göstərib. Lakin mühafizəçi buna mane olub və bu zaman partlayış baş verib.
Milli Antiterror Komitəsinin məlumatına görə, partlayış nəticəsində qadın, mühafizəçi və bir müştəri hadisə yerində həlak olub. Sonradan xəstəxanaya yerləşdirilən daha iki nəfər həyatını itirib.