"İstəklilər koalisiyası"na daxil olan dövlətlər Ukraynanı uzaqmənzilli raketlərlə təchiz etməyə hazır olduqlarını bəyan ediblər.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin bəyanatında deyilir.
"Baş nazir "İstəklilər koalisiyası"ndakı tərəfdaşların Ukraynanın hərbi təchizatını daha da gücləndirmək məqsədilə uzaqmənzilli raketlərin tədarükü ilə bağlı birgə bəyanatını alqışlayır.
Baş nazir həmçinin atəşkəs vəziyyətinin elan ediləcəyi təqdirdə qüvvələrin yerləşdirilməsi imkanını nəzərdən keçirdiyi üçün hərbi planlaşdırıcılara və qərargah rəislərinə təşəkkür edib", - deyə bəyanatda qeyd olunur.
Fransanın paytaxtı Parisdə "İstəklilər koalisiyası"nın iclası öz işinə başlayıb.
Oxu.Az Fransa KİV-ə istinadən xəbər verir ki, Yelisey sarayında baş tutan görüşdə Avropa ölkələrinin liderləri Ukraynaya dəstək naminə bir araya gəliblər.
Bəzi ölkələrin liderləri və nümayəndələri iclasa videokonfrans vasitəsilə qoşulacaqlar.
Yerli mətbuat yazır ki, "İstəklilər koalisiyası"nın iclasına qatılan ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff tədbiri vaxtından əvvəl tərk edib. Yelisey sarayından bunun planlaşdırıldığı və xüsusi elçinin iclasa bir qədər sonra, Avropa liderləri Donald Trampa zəng etdikləri vaxt qayıdacağı bildirilib.