Rotterdam meri, Mərakeş əsilli Əhməd Abutaleb “Charlie Hebdo” jurnalının redaksiyasına silahlı hücumu şərh edərkən müsəlmanları Qərb azadlıqları xoşlarına gəlmirsə, çamadanlarını yığmağa çağırıb.
Oxu.Az-ın məlumatına əsasən, Holland siyasətçinin şərhlərini The Daily Telegraph verib:
“Aydın deyil ki, sizdə azadlığa qarşı nə ola bilər. Lakin əgər siz bunu bəyənmirsinizsə, bütün müqəddəslərin xatirinə, çamadanlarınızı yığın və gedin”.
Daily Mail dəqiqləşdirir ki, siyasətçi bu bəyanatla Fransada baş vermiş faciə barədə xəbər Niderlanda çatan kimi yerli televiziya ilə çıxış edib.
Əhməd Abutaleb Mərakeşdə imam ailəsində anadan olub. O, 15 yaşı olanda valideynləri ilə Niderlanda gəlib. 2008-ci ildə Abutaleb Rotterdamın meri seçilib və bu vəzifəni 2009-cu ilin yanvarından tutur. O, Qərbi Avropada böyük şəhərin meri olmuş ilk müsəlmandır.