"Başqa dövlətlər istəsələr, axmaq Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşula bilərlər, ancaq Birləşmiş Ştatlar heç vaxt onun üzvü olmayacaq".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
O, Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası xətti ilə keçirilən nazirlər tədbirləri çərçivəsində təşkil olunmuş mətbuat konfransında qeyd edib:
"Biz sözügedən məhkəmənin üzvü deyilik, heç bir vaxt müqavilələr imzalamamışıq. Əgər kimsə bu axmaq quruma daxil olmaq istəyirsə, buyursun. Amma biz belə bir addım atmaq niyyətində deyilik, qurumun yurisdiksiyası ABŞ-lilərə aid edilmir".
Rubio əlavə edib ki, BCM indi və ya gələcək illərdə ABŞ vətəndaşlarına qarşı hər hansı addım atmağa çalışarsa, Vaşinqton buna göz yummayacaq.
Bir müddət öncə Nyu-Yorkun meri Zohran Mamdani şəhərin hüquq şöbəsinin İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak məqsədilə sentyabrda gözlənilən səfəri zamanı BCM-nin orderi ilə həbs edilməsi yollarını araşdırdığını açıqlayıb. Buna cavab olaraq, Ağ Ev lideri Donald Tramp qəti şəkildə bildirib ki, İsrail hökumətinin rəhbərini ABŞ-yə səfərləri əsnasında heç kim və heç bir vəchlə saxlaya bilməz. Sonradan Mamdani şəhərin Netanyahunun azadlığını məhdudlaşdırmaq səlahiyyətinə malik olmadığını təsdiqləyib.