Səudiyyə Ərəbistanı 30 min hərbçisini İraq hökuməti qüvvələrinin tərk etdiyi İraqla həmsərhəd rayonda yerləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Reyter agentliyi “Al-Arabiya” telekanalına istinadən bildirib.
İyun ayının 2-də “Al-Hadas” telekanalı xəbər verib ki, İraq ordusunun 2,5 min nəfərdən ibarət olan bir neçə bölüyünün zabiti ordunu Suriya və Səudiyyə Ərəbistanı sərhədlərindən geri çəkmək əmrini alıb.
Son zamanlara qədər Suriyada mübarizə aparan “İraq Şam İslam Dövləti” sünni qruplaşması iyunda İraqın şimal və qərb rayonlarına hücuma başçılıq edib. İŞİD-ə İraqın sünnüləri, Səddam Hüseynin keçmiş ordusu, kiçik terror qrupları birləşib. Son üç həftə ərzində İŞİD yaraqlıları İraqın bir neçə şəhərini, eləcə də Suriya və İordaniyanın sahilində bəzi əraziləri ələ keçirə biliblər. İŞİD 29 iyunda “İslam xilafəti”nin yaranması haqqında bəyanat verib.