Sabiq prezident Barak Obamanın administrasiyası tərəfindən ABŞ-ın Ədliyyə Nazirliyinin müvəqqəti rəhbəri və baş prokuroru təyin edilən Salli Yeyts yeni prezident Donald Trampın əmri ilə işdən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nazirliyə rəhbərlik Virciniya ştatının şərq dairəsinin prokuroru Dana Boenteyə tapşırılıb.
Ağ Ev bəyan edib ki, Yeyts “Birləşmiş Ştatların vətəndaşlarının müdafiəsinə yönəlmiş qanun-qaydaya riayət etməni təmin etməkdən imtina etməklə Ədliyyə Nazirliyinə xəyanət edib. Yeyts sərhəd və qanunsuz miqrasiya məsələlərində zəif mövqeyə malik Obama administrasiyası tərəfindən təyin edilib”, - bəyanatda deyilir.
Yeyts yeni rəhbər təyin edilənə qədər səlahiyyətlərini icra etməli idi, amma yanvarın 30-da o, Trampın miqrasiya məhdudiyyətinə dair fərmanını dəstəkləməyə etiraz etdiyini bildirib.
Nazirliyin işçilərinə ünvanlanmış sənəddə Yeyts bəyan edib ki, Trampın qərarını qanuniliyindən əmin deyil. Onun sözlərinə görə, prezidentin qərarını həyata keçirməklə, nazirliyin ədalət və hüququ qoruma məsuliyyətini pozmayacağından əmin deyil.
ABŞ prezidenti Donald Tramp yanvarın 27-də Suriya qaçqınlarının qəbul edilməsini və 120 gün müddətində digər ölkələrdən mühacirlərin qəbul edilməsinin dayandırılmasına dair fərman imzalayıb. Fərmana görə, ABŞ-da yaşama hüququ və ya diplomatik vizası olmayan İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları Amerikaya uçuşlardan imtina etməlidirlər.
N.O.
www.oxu.az