Türkiyənin Yalova bölgəsində Elmalık kəndinə gedən yolda təhlükəsizlik qüvvələri tərəfindən gecə saatlarında evlərdən birində İŞİD-ə qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı İŞİD terrorçuları polislərə atəş açıb və nəticədə üç polis şəhid olub, səkkiz polis və bir mühafizəçi yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında məlumat verib.
"Əməliyyat zamanı İŞİD terrorçuları qəhrəman polislərimizə atəş açıblar. Bu xain hücum nəticəsində təəssüf ki, üç qəhrəman polisimiz şəhid olub. Hücumda səkkiz polis və bir mühafizəçi də yaralanıb. Terrorçuların olduğu evdə qadınlar və uşaqların olması səbəbindən əməliyyat böyük həssaslıqla aparılıb. Ünvanda olan beş qadın və altı uşaq təhlükəsiz şəkildə təxliyə edilib. Baş verən atışmada altı terrorçu öldürülüb. Bu terrorçular Türkiyə vətəndaşlarıdır", - deyə nazir paylaşımda bildirib.
Ali Yerlikaya, həmçinin şəhid olan polislərin fotolarını də dərc edib.
"Şəhid polislərimizə Allahdan rəhmət, kədərli ailələrinə, təhlükəsizlik təşkilatımıza və əziz millətimizə başsağlığı verirəm. Müalicələri davam edən yaralı polislərimizə və mühafizəçilərimizə tezliklə sağalmalarını arzulayıram", - deyə nazir əlavə edib.

Həmçinin Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı beş şübhəlinin saxlanıldığını bildirib və istintaqın dəqiqliklə davam etdiyini vurğulayıb.