Macarıstanda Viktor Orban hökumətinin iki sabiq naziri korrupsiya şübhəsi ilə gündəmdədir.
Oxu.Az xəbər verir ki, sabiq mədəniyyət və innovasiyalar naziri Balaz Hanko və sabiq milli inkişaf naziri Mikloş Şeştak barəsində korrupsiya ilə bağlı araşdırma aparılır.
Macarıstan parlamenti sentyabrın 28-də onların deputat toxunulmazlığını ləğv edib. Bu qərardan sonra Şeştak Mərkəzi İstintaq Baş Prokurorluğunda ifadə vermək üçün oraya gedib və daha sonra saxlanılıb. O, özünün təqsirsiz olduğunu bildirib. Hankonun da toxunulmazlığı ləğv edilib.
Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkədə bu hadisəni "Təmizləmə" əməliyyatının ilk ciddi nəticəsi kimi təqdim edib.
Araşdırmalardan biri Hankonun rəhbərlik etdiyi dövrdə Milli Mədəniyyət Fondunun vəsaitlərinin istifadəsi ilə bağlıdır. Macarıstan prokurorluğunun məlumatına görə, araşdırma çərçivəsində fondun vəsaitindən 1 079 halda qanunla müəyyən edilmiş məqsədlərdən kənar istifadə edildiyi və dövlət büdcəsinə 17.3 milyard forint həcmində zərər vurulduğu iddia olunur. Hankonun əməllərinin xüsusilə böyük məbləğdə zərər vuran vəzifədən sui-istifadə kimi qiymətləndirilə biləcəyi bildirilir.
Şeştak isə "Volánbus" işi üzrə araşdırmaya cəlb olunub. Prokurorluğun məlumatına əsasən, sabiq nazir dövlət şirkətinin avtobus satınalmaları ilə bağlı milyardlarla forint məbləğində qanunsuz üstünlük əldə etməkdə şübhəli bilinir.
Həm Hanko, həm də Şeştak ittihamları rədd edir. Hanko özünün günahsız olduğunu bildirərək araşdırmaya hazır olduğunu deyib.
Qeyd edək ki, hər iki siyasətçi hazırda Macarıstan parlamentinin deputatıdır. Hanko "Fidesz", Şeştak isə Xristian Demokrat Xalq Partiyasını (KDNP) təmsil edir. Onların toxunulmazlığının ləğvi parlamentdə 139 səslə dəstəklənib.