Rusiyanın Xabarovsk bölgəsi yaxınlığında Amur çayında suyun səviyyəsi 461 sm-ə çataraq, əlverişsiz hadisə göstəricisini keçib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, şəhərin mərkəzi hissəsində su artıq Admiral Nevelski sahilinin aşağı yarusunu tamamilə basıb, şəhərin ada ərazilərində isə 129 bağ ərazisi su altında qalıb və giriş bağlanıb.
Çay son 24 saat ərzində 13 sm qalxıb. Eyni zamanda, suyun səviyyəsinin daha 20-25 sm artacağı gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, 600 sm göstəricisi şəhər üçün təhlükəli hesab olunur və bu zaman ada ərazilərindəki sakinlərin təxliyəsi başlayacaq.
Mütəxəssislər avqustun üçüncü ongünlüyünə qədər Amur çayının səviyyəsinin 550-600 sm-ə çatacağını gözləyirlər.
Ada ərazilərində əsas təhlükə qalmaqdadır. Orada daxili axınlar və göllər daşır, qrunt (yeraltı) suları isə səthə çıxır.
Xilasedicilər şəhər rəhbərliyi və digər xidmətlərlə birlikdə hər gün əraziləri yoxlayırlar. Fövqəladə Hallar Nazirliyi, həmçinin sakinlərdən daşqın zamanı bağ evlərində qalmamağı xahiş edir.