Ağdərə rayonunun Şıxarx kəndi ərazisində minaya düşərək xəsarət alan şəxsin yaxınları hadisənin təfərrüatını danışıblar.
"Evdə oturmuşdum, qardaşım da yanımda idi. Nazim zəng edib dedi ki, minaya düşmüşəm. Tez hadisə yerinə getdik. Uzanılı vəziyyətdə idi. Onu maşına qoyub Tərtər Rayon Mərkəzi Xəstəxanasına apardıq. Oradan da Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirdilər", - deyə minaya düşən şəxsin yaxınlarından biri bildirib.
Daha ətraflı İTV-nin süjetində:
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə nəticəsində xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) dekabrın 3-də, saat 17 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.
Pasiyentə partlayış travması və sağ baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda üzərində əməliyyat icra olunur, vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.
Dekabrın 3-də Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina partlayışı baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.
Qeyd olunub ki, 1970-cı il təvəllüdlü kənd sakini Nazim Kamran oğlu Pənahəliyev minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.