Türkiyə millisinin və Almaniyanın “Fortuna” komandasının futbolçusu Kənan Karaman Avro-2020 şanslarını dəyərləndirib.
Oxu.Az xəbər verir ki, o, “Anadolu” Agentliyinə müsahibəsində Türkiyə millisinin İtaliya, İsveçrə və Uelsin yer aldığı A qrupundakı şanslarından danışıb.
25 yaşlı hücumçu Bakıda iki oyun keçirmələrinə görə sevindiklərini bildirib:
“Biz yaxşı bir qrupa düşmüşük. Açılış oyununda iştirak etmək də çox gözəldir. Biz İtaliya ilə oynayırıq. Çox böyük ölkə və turnirlərdə həmişə özünü yaxşı göstərən komandadır. Amma açılış matçlarında hər şey ola bilər. Çünki ilk oyunun və turnirin həyəcanı olur. Bu bizim üçün üstünlük ola bilər. Digər rəqiblərimiz də çox yaxşıdırlar. Hər bir komandaya hörmətlə yanaşmaq lazımdır.
Bakıda oynamağımız türk xalqı üçün çox gözəldir. Ora türklərin ikinci evi kimidir. Çox sayda azarkeşlərimiz olacaq. Bu da bizə ruh yüksəkliyi verə bilər. Bu səbəbdən qrupu çox pozitiv görürəm. Qrup matçlarını da pozitiv görürəm. İnşallah bu qrupdan çıxacağımıza inanıram”.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.