Mən hələ də Azərbaycan haqda xoş sözlər deyə bilərəm! Bunu sosial şəbəkələrdə tez-tez Bakıdan yerləşdirdiyim fotolar sübut edir.
“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak bunu Polşa mətbuatına verdiyi geniş müsahibəsində bildirib.
Mövsümün sonunda Ağdam klubu ilə müqaviləsi başa çatacaq 32 yaşlı futbolçu Azərbaycandakı həyatından danışıb:
“Mənə baxan insanlar dəyişikliyi, orada necə yaşadığımı görürlər. Polşa ilə müqayisədə, burada isti və günəşli hava üstünlük təşkil edir. Tez-tez mehriban insanlarla qarşılaşa bilirsən. Əlbəttə, bu iki ölkə arasında mədəni fərq var, amma bunlar elə də nəzərəçarpan deyil. Bəli, İslam ölkədə dominant dindir. Amma digər ölkələrdəki kimi ifrat dindarlıqla üzləşməmişəm. Hətta burda qadınlar üzlərini gizlətmirlər.
Azərbaycanda olduğum üçün təəssüflənə bilmərəm. Hər şeydən öncə sakit həyatım var. Ömrümün, demək olar ki, yarısını Varşavada keçirmişəm və orda çox insanla qarşılaşmışam. Buna görə tez-tez harasa gedir, dostlarımla görüşürdüm. Hətta Bakıya gələndən sonra həyat yoldaşımla yüngül şok keçirdik: rahat yuxudan dura, kofe içə, otura, danışa bilirik. Heç nəyi Polşadakı kimi tez-tələsik etmirik. Özümü bir az da məzuniyyətdəki kimi hiss edirəm. Çünki məşqlərdən sonra xeyli boş vaxtlarımız olur”.
Səbuhi MUSAYEV