"X" sosial şəbəkəsinin fəaliyyətində yaranmış irimiqyaslı nasazlıq qismən aradan qalxmağa başlayıb.
Oxu.Az bu barədə "Forbes" nəşrinə istinadən xəbər verir.
İstifadəçi bildirişlərini izləyən "Downdetector" saytında problemlərlə bağlı məlumatların sayı Bakı vaxtı ilə saat 16:15-də qeydə alınan 15 müraciətdən, saat 16:45-ə qədər kəskin artaraq 40 313-ə çatıb.
Təxminən bir saat sonra şikayətlərin sayı 8 000-ə qədər azalıb və istifadəçilər platformaya yenidən daxil olmağa başlayıblar.
Məlumatların yarısı mobil tətbiqdə yaranan problemlərlə bağlı olub. Digər şikayətlər isə xəbər lentinə çıxış və saytın masaüstü (desktop) versiyasında yaranan çətinliklərlə əlaqədar qeydə alınıb.
"X" şirkəti "Forbes" nəşrinin nasazlıqla bağlı şərh sorğusuna dərhal cavab verməyib. Platformanın tərtibatçılar üçün nəzərdə tutulmuş status səhifəsində isə səhər boyu "bütün sistemlər işləyir" qeydi göstərilib.
Fevralın 16-da "X" sosial şəbəkəsinin işində irimiqyaslı nasazlıq baş verib.
Oxu.Az 24tv.ua-ya istinadən xəbər verir ki, istifadəçilər lentin, bildirişlərin və servisin digər funksiyalarının əlçatmazlığı barədə məlumat verirlər.
Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, istər sayt, istərsə də mobil tətbiq qüsurla işləyir.
Giriş cəhdi zamanı bəzi istifadəçilər qara fonda loqotip görürlər, digərləri isə tətbiqin "keş"inə yüklənmiş son versiyasına çıxırlar.
Heç bir yenilənmə yüklənmir. İnternetdəki nasazlıqları izləyən "Downdetector" servisinin məlumatına görə, şikayətlər Bakı vaxtı ilə saat 17:12-dən daxil olmağa başlayıb. Hazırda bütün dünyadan 41 000-dən çox şikayət qeydə alınıb.