"İqlim öhdəlikləri və uyğunlaşma prioritetləri şəhər inkişafı ilə əvvəlcədən uzlaşdırılmalıdır. Dayanıqlılıq şəhərlərin, ərazilərin, infrastrukturun və investisiyaların planlaşdırılmasına inteqrasiya edilməlidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu" adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, həll yolları fərdi layihələrdən sistemli transformasiyaya keçirilməlidir:
"Enerji səmərəliliyi, dayanıqlı və təmiz infrastruktur, təbiətə əsaslanan həllər, dayanıqlı tikinti və dayanıqlı mobillik ayrı-ayrı layihələrlə məhdudlaşmamalıdır. Onlar planlaşdırma standartlarının, qaydalarının və investisiya qərarlarının ayrılmaz hissəsinə çevrilməlidir".
A.Quliyev qeyd edib ki, iqlimə davamlı şəhərlər eyni zamanda inklüziv, yaşana bilən və əlçatan olmalıdır. Onun sözlərinə görə, adekvat mənzil, təmiz hava, ictimai səhiyyə, mobillik və keyfiyyətli ictimai məkanlar iqlim fəaliyyətindən ayrı nəzərdən keçirilməməlidir.
Komitə sədri vurğulayıb ki, Azərbaycan şəhərlərin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsinə sadiqdir:
"Azərbaycan bu prosesə tam sadiqdir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), COP sədrliyi və bütün tərəfdaşlarımızla birlikdə Bakıdan İtaliyaya qədər bu inkişaf impulsunu davam etdirməyə, ümumi ambisiyalarımızı praktiki fəaliyyətə, daha güclü və dayanıqlı şəhərlərə, insanların həyatında real yaxşılaşmalara çevirməyə hazırıq".