Cari ilin fevralın 6-dan başlayaraq, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlərini təklif edəcək.
Yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə biləcəyi bu mərkəzdə vətəndaşlara heç bir müddət müəyyənləşdirilmədən, dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət göstəriləcək.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, abonentlərə göstəriləcək xidmətlər və bu xidmətlər zamanı tələb olunan sənədlərin siyahısı bunlardan ibarətdir: itirilmiş smart kartın bərpası; artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi; saldoların (balansın qalıqların) çap olunması və borc haqqında məlumatın verilməsi; smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi; smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi.
Məlumatda qeyd edilir ki, bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur.
Xidmətlər Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcək.