Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində tunel tipli kanalizasiya kollektoru tikilir.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, SOCAR-ın yanacaqdoldurma stansiyasının yaxınlığında, Bayıl qəsəbəsindən Lökbatan qəsəbəsinə qədər qazma işləri gedir. Qazma işləri tam sürətlə aparılır. Podratçı-şirkətin nümayəndəsinin sözlərinə görə, tunelin yarısı dağın altında olacaq. Bu istiqamətdə iş hələ ki, başlamayıb. Kollektorun tikinti işlərinin nə vaxt sona çatdırılacağı haqqında heç bir məlumat yoxdur.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayılov öz növbəsində bildirib ki, Bayıl-Bibiheybət-Lökbatan tunel tipli kanalizasiya kollektoru 382 nəfərə xidmət edəcək.
“Kollektorun tikilməsində müasir qurğulardan istifadə edilir. Belə kollektorlar axar suyun ötürülməsinə imkan verir, kanalizasiya nasoslarının isə istifadəsi istisna olunur”, - o qeyd edib.
“Yuxarıda adıçəkilən kollektordan başqa, Dərnəgül-Bakıxanov-Günəşli (1254 min nəfərə xidmət edəcək), Xocahəsən-Xırdalan-Biləcəri (626 min adama xidmət edəcək) və Zabrat-Kürdəxanı-Pirşağı (219 min nəfərə xidmət edəcək) kimi tunel tipli kollektorlar tikilir”, A.Cəbrayılov qeyd edib.
Aparılan işlər Bakı və Abşeron yarımadasına kanalizasiya infrastrukturunun yaxşılaşdırılması və Xəzər dənizininin ekoloji vəziyyətinin mühafizəsinə istiqamətləndirilib.