Ötən gün energetika naziri Natiq Əliyev Azərbaycanın Xəzər regionundan təbii qazı Avropaya çatdıran yeganə dövlət olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan deyəndə, hər kəs daha böyük bir anlamda Xəzər regionunu görür.
“Biz yeni Cənub Qaz Dəhlizi yaradırıq. Bu adi bir boru kəməri deyil. Biz bugünkü layihə ilə dəhliz yaratdıq. Bu dəhliz vasitəsi ilə “Şahdəniz” yatağının bütün tammiqyaslı işlənməsində olan təbii qaz bu dəhlizdən gedəcək.
Abşeron yatağının qazı da bu dəhlizdən gedəcək. Eyni zamanda biz fikirləşirik ki, Dövlət Neft Şirkətinin kəşfiyyat apardığı strukturlarda da hansısa yeni yataqlar aşkarlanarsa, onun qazı da bu dəhliz vasitəsilə nəql edilə bilər”, - deyə Natiq Əliyev yeni yaradılan dəhlizin perspektivlərindən danışarkən bildirib.
Başqa dövlətlərin - Türkmənistanın, İranın Azərbaycan ərazisindən öz qazını hansısa ölkəyə bu dəhliz vasitəsilə ixrac etmək istəsə, bunu reallaşdıra biləcəyimizi önə çəkən energetika naziri İranın Türkiyə ərazisindən TANAP-a qoşulmasına da etiraz etmədiklərini vurğulayıb.

“Hansı ölkə özünə bu konsepsiyanı qəbul etsə və bu dəhlizlə öz qazını Avropaya çatdırmaq istəsə, biz danışıqlar apararaq buna imkan yaradacağıq. Mən hesab edirəm ki, ən real Türkmənistanın təbii qazının Qərb istiqamətində ixracıdır”, - deyə N.Əliyev yeni layihə haqqında danışarkən qeyd edib.
Bu gün İran və Türmənistanın öz qazını TANAP vasitəsilə Avropaya çatdırması nə qədər real səslənir? Avropanın qaz bazarında yeni oyunçuların meydana gəlməsi qonşu ölkələrə (Rusiya-red.) sərf edəcəkmi?
Oxu.Az bu suallar ətrafında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, nazir bu bəyanatı ilə ilk dəfə açıq şəkildə ortaya qoydu ki, türkmən qazı bizim infrastrukturdan istifadə edilməklə, Avropaya çatdırılması mümkündür:
“Nazir açıqlamasında qeyd etdi ki, burada söhbət türkmən qazının Azərbaycan ərazisi, Azərbaycan infrastrukturundan istifadə edilməklə, Avropaya çatdırılması məsələsindən gedir və bu, mümkündür. Bunun isə 2 mümkün variantı var. Biri “Transxəzər” qaz kəməri, digəri isə platformalararası kəmərlərin tikintisidir.
Nazir bunu ilk dəfə olaraq açıqladı və açıq şəkildə ortaya qoydu ki, türkmən qazı necə gəlib bizim təməllər sistemimizə birləşdirilib, dünya bazarına da çıxarıla bilər. Yəni, bunun ən böyük qayəsi bundan ibarət idi”.
Mütəxəssis vurğulayıb ki, ancaq N.Əliyev onun zamanını dilə gətirmədi. O qeyd etdi ki, danışıqlar gedir, biz mütəmadi görüşürük.
İ.Şaban vurğulayıb ki, nazir Azərbaycanın öz tranzit imkanlarımızı məhdudlaşdırmadığını, kiminsə üzərinə bağlı bir ölkə olmadığını göstərdi.
“Ancaq bunun üçün alıcı ilə satıcı arasında uzunmüddətli bir müqavilə olmalıdır. Biz bu müqavilədən çıxış edərək özümüzün tranzit imkanlarımızı genişləndirməliyik”, - deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bununla belə, bu məsələdə açıq suallar çoxdur və Azərbaycan Transxəzər boru kəməri layihəsində iştirak etməyə razıdır deməklə, biz məsələyə siyasi yönümdə baxış orta qoyuruq:
“Boruda kommersiya maraqları (boru kəmərlərinin genişləndirilməsi üçün xərclər, tranzit haqqları - red.) hesablanmalıdır. Cənub Qaz Dəhlizində olan o şirkətlər özlərinin gəlirləri, xərcləri, mənfəətlərini hesablayıb ortaya bir rəqəm qoymalıdırlar və bundan sonra ortaq bir məxrəcdə dil tapılmalıdır.
Uzunmüddətli dövrdə qazın qiymətləri qalxır-düşür. Bütün bu riskləri nəzərə alıb orta bir qiymət çıxardıqdan sonra, bunları dilə gətirmək olardı. Çünki qaz nəqli neft daşınması kimi deyil. Sənin ixrac etdiyin qazın 30%-i rentabelli olacaq-olmayacaq bu bilinmir”.
İlham Şaban bu gün İranın TANAP-a qoşulması üçün ilk növbədə qaz ehtiyatlarını hasil etməli olduğunu qeyd edib:
“İran ilk növbədə qaz hasil etməlidir, ondan sonra bazara çıxış barəsində düşünmək olar. Ancaq vurğulayım ki, bu gün İranın kifayət qədər böyük həcmdə qaz ehtiyatları var. Belə ki, əgər İran bazara qaz çıxarmaq istəsə, onun həcmi 50-100 milyard kubmetrə çatacaq. Bunun üçün isə 2 TANAP böyüklüyündə qaz kəməri lazımdır”.
Mütəxəssis əlavə edib ki, bu gün qaz bazarında süni əngəllər yaradan ölkələrin hegemonluğuna son qoyulur:
“İndi bu haqda çoxlu mülahizələr irəli sürülür. Kimisi qorxa-qorxa, kimisi isə daha ciddi bu məsələyə yanaşır və fikir ortalığa qoyur. 10 il bundan əvvəl heç kim ölkələrin qaz bazarında diversifikasiya imkanlarını real olaraq görmürdü.

Bu gün Avropanın qaz bazarında bir ölkənin digər ölkənin qarşısını kəsməsi real görünmür. İndi kimsə həmin ölkənin qarşısında sədd çəkirsə, ümumiyyətlə, onun hər hansı bazarda hegemonluğuna son qoyulur.
Ancaq bu gün ölkələrin qaz bazarının 20-30%-i artıq şaxələndirilib. Bu isə onu göstərir ki, hər hansı ölkənin siyasi ambisiyaları, hegemonluğu artıq keçmişdə qalıb. İndi bir boru kəmərində belə hər hansı bir ölkənin domenatlığı məsələsi də ortada yoxdur”.
Məsələn, mayın 17-də TAP-ın təməlinin qoyulması mərasimində Avropa Komissiyasının enerji məsələlər üzrə vitse-prezidenti Maroş Şefçoviç, o cümlədən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji üzrə xüsusi səfiri və koordinatoru Amos Hoçsteyn TAP ilə bağlı dedilər:
“TAP-a təkcə Azərbaycan qazının Avropaya çatdırılması üçün deyil, həmçinin Yunanıstana gətirilən sıxılmış qazın da TAP-a vurularaq başqa ölkələrə çatdırılmasında istifadəsi üçün baxılır”.
Ülviyyə R. Əli
www.oxu.az