Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 28-də daşınmaz əmlakın özəlləşdirilməsinə dair yeni hərrac keçirəcək.
Komitədən Oxu.Az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 76 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 48 kiçik dövlət müəssisə və obyekti, 8 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1440
Hərraca çıxarılan 48 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib.
Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib.
Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 561 min manata olan qeyri-yaşayış binasıdır.
Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m., tikili sahəsi isə 255,5 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 405 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 270 min manata Qaradağ rayonunda Anbar, 369 min manata Sumqayıtda “Laçın” restoranı (bundan öncə adıçəkilən restoran 410 min manata hərraca çıxarılmışdı - red.) da var.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri, əsasən paytaxtın Binəqədi, Səbail, Yasamal rayonlarında yerləşir.
Budəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Biləsuvar Broyler”, “Gülşən Ətir”, “İsmayıllı Sənaye İstehsalat”, “Salyan Broyler”, “Salyan Aqrotexservis” kimi səhmdar cəmiyyətlər var.
Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq, 0,5 manatdan 2 manata qədərdir.
U.A.
www.oxu.az