Fevralın 5-də Bakıda İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr edilmiş konfrans keçirilib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, konfransda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edib.
Nazirin sözlərinə görə, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşüb.
“10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enib, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb və 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, bunun 900 mini daimidir”.
Nazir qeyd edib ki, bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artıb.
Nazir xüsusilə vurğulayıb ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olub.
“Regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir”.
Şahin Mustafayevin bildirdiyinə görə, ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Həmçinin, Şahin Mustafayev qeyd edib ki, regionlarda “ASAN xidmət”in fəaliyyəti əhalinin gündəlik həyatını asanlaşdırıb.
Nazir məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasından da danışıb:
“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınıb, burada 37 min ailə yerləşdirilib.
Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilib, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilib”.
Şahin Mustafayevin sözlərinə görə, ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Nazirin sözlərinə görə, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb.
Qeyri-neft sektorunun inkişafı barədə çıxış edən nazir deyib ki, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb.