"Qırğız Respublikası enerji keçidinin sürətləndirilməsinə yönələn yeni regional təşəbbüslərə xüsusi əhəmiyyət verir. Bunlara Qırğız Respublikasının iştirak etdiyi "Mərkəzi Asiyada bərpaolunan enerji mənbələri sahəsində tərəfdaşlığın sürətləndirilməsi" proqramı da daxildir".
Oxu.Az xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Nazirlər arasında dialoq: Mərkəzi Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi" adlı paneldə Qırğız Respublikasının energetika naziri Taalaybek İbrayev deyib.
"Biz bu platformanı region ölkələri, beynəlxalq maliyyə institutları və tərəfdaşlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm mexanizm kimi qiymətləndiririk. Qırğız Respublikası hidroenergetika, Günəş və külək enerjisi, enerji infrastrukturunun modernləşdirilməsi, eləcə də sərhədlərarası enerji dəhlizlərinin inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır.
Əminəm ki, regional əməkdaşlığın daha da gücləndirilməsi Mərkəzi Asiyanın davamlı enerji inkişafı sahəsində lider bölgələrdən birinə çevrilməsinə, dövlətlərimizin enerji təhlükəsizliyinin təmin edilməsinə və bütün regionun rifahına töhfə verəcək", - deyə nazir əlavə edib.