"COP31 iqlim ambisiyasını real iqtisadiyyata yaxınlaşdırmalı, iqlim öhdəliklərini investisiya qoyula və maliyyələşdirilə bilən layihələrə çevirməlidir. Bizim əsas məqsədimiz öhdəliklərdən icraya keçmək və real nəticə əldə etməkdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri COP31 iqlim üzrə yüksəksəviyyəli çempionu, "Zero Waste" Fondunun prezidenti Səməd Ağırbaş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan və Bakı COP29-un uğurlu keçirilməsi ilə qlobal iqlim gündəliyində xüsusi yer tutub:
"Bakıda özümüzü evimizdəki kimi hiss edirik. Bura bizim üçün çox önəmli şəhərdir. COP31 komandası olaraq COP29 Sədrliyindən çox şey öyrəndik. Onların təcrübəsi, dostluğu və dəstəyi bizim üçün çox dəyərlidir.
Bu səbəbdən bu gün yeni bir yola başlamırıq. COP31-ə sizinlə birlikdə davam edirik - Bakıdan Türkiyədə keçiriləcək COP31-ə.
COP31-in əsas məqsədi öhdəliklərdən icraya keçmək və real təsir yaratmaqdır. İqlim öhdəliklərini investisiya qoyula və maliyyələşdirilə bilən layihələrə, genişmiqyaslı həllərə çevirməliyik. Bu prosesdə iqlim maliyyəsi, xüsusilə inkişaf etməkdə olan ölkələr, ən az inkişaf etmiş ölkələr və iqlim təhlükəsi ilə üzləşən kiçik ada dövlətləri üçün mühüm əhəmiyyət daşıyır. Dövlət və özəl maliyyə arasında daha güclü əməkdaşlığa ehtiyac var. İcra prosesinin şəhərlərə, icmalara və insanlara çatmasını təmin etməliyik.
Bu, enerji keçidinin sürətləndirilməsi, iqlim maliyyəsinin səfərbər edilməsi və hökumətləri, biznesi, investorları, şəhərləri və vətəndaş cəmiyyətini praktiki həllər ətrafında birləşdirmək deməkdir.
İqlim üzrə yüksəksəviyyəli çempion kimi istəyirəm ki, COP31 qeyri-dövlət aktorlarının yalnız müzakirələrin deyil, həm də real həllərin həyata keçirilməsinin bir hissəsi olduğu platformaya çevrilsin".
S.Ağırbaş vurğulayıb ki, bu transformasiyanın mühüm istiqamətlərindən biri də sıfır tullantı və dövri iqtisadiyyatdır:
"Dövri iqtisadiyyat və resurslardan səmərəli istifadə iqlim gələcəyinin ayrılmaz hissəsi olmalıdır. Tullantılara iqtisadi dəyəri olan resurs kimi yanaşmalıyıq.
Bakıdan COP31-ə gedən yol ortaq yoldur. COP29-un təcrübəsi, Türkiyə ilə Azərbaycan arasındakı güclü qardaşlıq və qlobal tərəfdaşlarımızın dəstəyi ilə COP31-i icra, tərəfdaşlıq və real təsir COP-una çevirə bilərik".