Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” layihəsinin işlənməsi üzrə konsorsiumun üzvü olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP və “Total” şirkətləri Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumuna qoşulub.
Oxu.Az xəbər verir ki, TAP konsorsiumdan APA-ya verilən məlumata görə, bu konsorsiumda SOCAR və BP hər biri 20%, “Total” isə 10%-lik paya sahib olub.
Bundan başqa, Avropada əsas qaz tranziti operatoru olan “Fluxys” şirkəti də 16% payla TAP-a qoşulub.
Məlumatda deyilir ki, TAP səhmdarları olan İsveçrənin “Axpo”, Norveçin “Statoil” və Almaniyanın “E.ON” şirkətləri də layihəni dəstəkləməkdə davam edir.
Nəticədə, TAP səhmdarları rolunda artıq BP (20%), SOCAR (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), “E.ON” (9%) və “Axpo” (5%) şirkətləri çıxış edir.
TAP-ın icraçı direktoru Kyetil Tunqland qeyd edib ki, yeni səhmdarlar TAP-ın strateji mövqelərini əhəmiyyətli dərəcədə genişləndirəcək və bu, daha sonra bütün Cənub Qaz Dəhlizinin inteqrasiyasını gücləndirəcək.
Bununla yanaşı bildirilir ki, TAP layihəsi bundan sonra da tərəfdaşların qoşulması üçün açıqdır.