Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
45 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Belə ki, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama - külli miqdarda törədildikdə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Sahibə Səlimət qızı Muradova tərəfindən ümumilikdə 23.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 39.7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən o, iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Vəfadar Bəxtiyar oğlu Cəfərov tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 900 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 1.5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən o, iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Azekspo-7" MMC tərəfindən ümumilikdə 1.6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2.7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Emin Qarakişi oğlu İslamov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Qızılağac LTK" MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 1 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Elşən Allahverdi oğlu Ağakişiyev iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.
Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə "Paralel N" MMC tərəfindən xarici ölkəyə konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 16 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 27.2 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Eldar İrakif oğlu Dəmirov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
"Vəzifə səlahiyyətlərindən sui-istifadə" teqi üzrə xəbərlər
- "Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru özünü təqsirli bilməyib
- Keçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub?
- Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi hakim qarşısında
- Üç ilə yaxın davam edən məhkəmə başa çatdı - Türk iş adamına ağır cəza verildi
- Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərilib
Rəylər