Məşhur BTS qrupunun üzvü Vi canlı yayım zamanı artıq iki ildir ki, eşitmə qabiliyyətini itirməkdə olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Əgər sol qulağımın eşitmə qabiliyyəti 100%-dirsə, sağ qulağımda bu göstərici cəmi 30% civarındadır", - deyə sənətçi vəziyyətini izah edib.
İfaçı eşitmə probleminin hərbi xidmətdə olarkən daha da ağırlaşdığını qeyd edib. Onun sözlərinə görə, əvvəlcə bunu ciddiyə almayıb və məsələnin yalnız iradə gücü ilə bağlı olduğunu düşünüb. Müğənni hazırda müalicə aldığını, dərman qəbul etdiyini və mütəmadi olaraq həkim müayinəsindən keçdiyini əlavə edib.
Vi sözügedən canlı yayımı qrup yoldaşı Çonquk ilə birlikdə aparıb. BTS-in digər üzvü isə baldırından zədə aldığını açıqlayıb. Çonquk dünya turu çərçivəsində çıxışlarına davam edə bilmək üçün ayağındakı bu problemi mütləq həll etməli olduğunu vurğulayıb.