Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lamiyə Quliyevanın övladının atasının adı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Haqqin.az saytı yayıb.
Saytın məlumatına görə, bu, 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur.
Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb. Bildirilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri də sübut edib.
Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb.
Bundan başqa, Lamiyə övladına öz atası – Quliyev Sahibin adını verib.
“1987-ci ilin dekabr ayının 18-də dünyaya gələn Lamiyə Quliyevanın anası onun həbsxanada olan atası Sahib Quliyevlə görüşdən sonra hamilə qalıb. Onun atası çox qəddar cinayətkar olub. İlk cinayətini uzaq 1983-cü ildə törədib, amma oğurluğa görə 1 il cəza alıb.
Azad olduqdan sonra Sahib Quliyev daha ağır cəza törədib. 1984-cü ilin 5 yanvar tarixində S.Quliyev Şəmkir məhkəməsində 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu dəfə o, daha böyük oğurluq cinayəti törətmişdi. Cəzasını Bakıda məşhur olan 6-cı koloniyada çəkib. Bura onun yanına həyat yoldaşı Quliyeva Kifayət gəlirdi. Mart ayında onlar uşaq dünyaya gətirməyi qərara alıblar. 9 aydan sonra isə Lamiyə dünyaya gəlib!”, - materialda deyilir.
Eləcə də Lamiyənin atası bütün cinayətləri Sovet hakimiyyətinin süqutundan sonra törədib. 1991-ci ildə Sahib həbsxanadan qaçır – Ağdam məhkəməsinin qərarı ilə cəzasına 1 il də əlavə edilir. 1992-ci ildə amnistiyadan sonra azadlığa çıxır və əsl mütəşəkkil cinayətkar qrup yaradır. Bu qrupa keçmiş məhbus Zeynalov Nazim Adil oğlu, Hüseynova Kifayət Rəşid qızı, Vəliyev Səbuhi Adil oğlu və digərləri daxil olur.
“Sonradan “Şəmkir qrupu” adı alan banda bir sıra qarət və qətllər törədir. 1993-cü ilin martın 7-də Şəmkirdə məkrli qarət hadisəsi törədərək rayon sakini Sahibə Hüseynovanı və onun azyaşlı qızı İradə Hüseynovanı öldürürlər.
Növbəti vəhşiliyi onlar Bakıda törədirlər. 1993-cü ilin iyun ayının 10-da Lamiyənin atasının qrupu paytaxt sakinləri Namazovların evinə girərək ahıl Alagöz Namazovanı, 6 yaşlı Orxanı və 9 yaşlı Turalı öldürürlər”, - sayt yazır.
Onun atası Sahib Quliyev dəfələrlə cinayətlər, çoxlu sayda qətllər törədib və ölüm hökmünə məhkum olunsa da, sonradan Azərbaycanda bu hökmün ləğvi ilə bağlı ömürlük həbs cəzasına məhkum olunub.
2012-ci ilin 12 yanvar tarixində banda rəhbəri Qobustan həbsxanasında vərəmdən vəfat edib, məqalənin müəllifi Eynulla Fətullayev qeyd edib.