Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəvi şəkildə öldüyü Nobel prospekti - Zığ şosesi Bakıda qəzaların ən çox baş verdiyi ərazi kimi tanınır.
Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Oxu.Az-a açıqlamasında, qəzaların baş vermə səbəblərini açıqlayıb.
Ekspert deyir ki, ölkəmizdə baş verən yol qəzalarının başlıca səbəbi yol hərəkətinin düzgün təşkil edilməməsidir: “Nobel qardaşları prospektində idmançı qızın öldürüldüyü piyada keçidininn ləğvi illərdir qaldırdığımız məsələni bir daha bütün çılpaqlığı ilə ortaya qoydu. Bu çılpaq, amma əslində, qaranlıq məsələ ölkəmizdə yol hərəkətinin təşkilindəki biabırçılıqdır. Özü də bu biabırçılıq bir neçə istiqamətdə var: 1) qanunvericilik bazası; 2) təşkilati tərəfi; 3) faktiki vəziyyət və s... Bunların hər biri barədə uzun-uzadı yaza və danışa bilərəm. Amma qısaca deyim ki, hələ də bizim ölkəmizdə yol hərəkətinin təşkilinin müasir konsepsiyalarını, nəzərə alınmalı olan meyarları, təhlükəsizlik elementlərini, maliyyə-təşkilati tərəflərini tənzimləyən qanunvericilik yoxdur”.
Ərşad bəy hesab edir ki, hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Qanun bu məsələyə çox səthi, özü də sistemsiz toxunur, çünki onun tənzimləmə predmeti deyil: “Ən bərbad məsələ isə hərəkətin təşkilindəki qüsurlara görə hüquqi məsuliyyətdir. Şəxsən mən rast gəlməmişəm ki, hərəkətin təşkilindəki səhvə görə kimisə məsuliyyətə cəlb etsinlər. Bu da təbiidir, çünki aydın norma yoxdur...”
Ekspert bu məsələlərdə təşkilati tərəfin də bərbad vəziyyətdə olduğunu deyir: “Guya ki, rayon (şəhər) icra hakimiyyətlərinin yol hərəkəti təhlükəsizliyi komissiyaları var. Amma o komissiyaların bu tipli məsələləri, doğrudan da, komissiya olaraq, real iclasda müzakirə etdiyini görən və təsdiq edə bilən adam tapa bilməzsiniz. Bir də ki, axı onlar hansı bazaya söykənib nəyi müzakirə edəsidilər ki...”
Eksper faktiki vəziyyətin dəhşətli olduğunu deyir: “Faktiki vəziyyət də ən dəhşətlisidir. Tam ciddi deyirəm; Bakının bəzi küçə və prospektlərində hərəkətin təşkilinə diqqət edəndə elə təəsürat yaranır ki, bunu edənlər avtoşluğa lobbiçilik edirlər. Şəhərin ortasıdakı küçə və prospektdə heç bir xüsusi təhlükəsizlik elementi olmayan yerdə 80-90 km/saat sürət tətbiq etməyi başqa cür necə yozaq. A kişilər, kitab-zad vərəqləyin, görün, harada belə şey var. Axı burada insanlar yaşayır, işləyir, avtobus dayanacağı var, ayaq üstə sərnişin aparan avtobus var və ən pisi - hərəkət təhlükəsizliyindən anlayışı olmayan sürücülər at çapırlar...”
Ərşad Hüseynov idmançı qızın öldürüldüyü yerdən keçidin yığışdırılmasının piyada ölümünün qarşısını almayacağını düşünür: “Xatırladıram ki, “Yol hərəkəti haqqında” Qanun birmənalı olaraq bütün hərəkət iştirakçıları üçün təhlükəsiz və fasiləsiz hərəkət şəraitinin təşkilini tələb edir. Hərəkətin ən çoxsaylı iştirakçıları isə piyadalardır. İdmançı qızın öldürüldüyü yerdən keçidi yığışdıranlar, bəlkə də, bunu ona görə ediblər ki, həmin keçid “qanunsuzdur”, “komissiyanın” bundan xəbəri yoxdur. Amma guya piyadalar daha o yolu keçməyəcəklər? Əlbəttə, keçəcəklər, çünki başqa variant yoxdur...”
Qeyd edək ki, Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.
Ərşad Hüseynzadə
Zülfiyyə Qurbanova
www.oxu.az