Dünyaca məşhur musiqiçi Bob Geldof bəşəriyyətin gələcəyi ilə bağlı öncəgörücülük edib. “Sir” ləqəbli irland musiqiçi bəşəriyyətin 2030-cu ilə qədər məhv olacağını bildirib.
Oxu.Az ANN.Az-a istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda konsert verən Geldof maraqlı açıqlamaları ilə gündəmə gəlib.
“Bundan sonrakı müharibənin adı nə Birinci Dünya Müharibəsi, nə də İkinci Dünya Müharibəsi olacaq, bizim məhv olacağımız bir müharibə olacaq. Bəlkə də 2030-cu ilə qədər yaşamayacağıq. İqlim dəyişikliyi məsələsini təcili həll etməliyik” - deyə, o bildirib.
Nitqinin sonunda pessimist açıqlamalarına görə gənclərdən üzr istəyən müğənni, “ancaq realığa öyrəşin” deməyi də unutmayıb.
Geldof BMT-nin keçən ay yayımladığı İqlim Dəyişikliyi hesabatına da toxunub və qlobal istiləşmənin 95 faizinin insanlardan qaynaqlandığını deyib.
Qeyd edək ki, keçən ay İsveçin paytaxtı Stokholmda BMT nəzdindəki Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin hazırladığı hesabat təqdim edilmişdi.
Bir həftə davam edən, 195 ölkədən olan elm adamlarının iştirak etdiyi Paneldə açıqlanan hesabata görə, qlobal istiləşmənin mövcud olduğu yekdilliklə qəbul edilmiş və bu problemin 95 faizinin insan fəaliyyətinin nəticəsi olduğu bildirilmişdi.