"Tələbələr üçün tamhüquqlu təcrübə proqramlarına ikinci kursdan başlamaq daha məqsədəuyğundur. Bu dövrə qədər gənclər artıq təməl peşə vərdişlərinə yiyələnirlər, eyni zamanda, məzun olmağa hələ kifayət qədər vaxt qaldığı üçün şirkət gələcək mütəxəssislə yaxından tanış ola bilir".
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı mütəxəssis Anton Vasilyev danışıb.
"Birinci kurs tələbələrini ekskursiyalara, karyerayönümlü tədbirlərə və ustad dərslərinə dəvət edin. Çünki bu dövrdə tələbələr məktəb təhsilindən peşə təhsilinə yeni keçid edir, fərqli cədvələ və daha çox müstəqilliyə öyrəşirlər. Buna görə də, mürəkkəb və real tapşırıqlar üzərində işləmək onlar üçün hələ tez ola bilər.
İkinci kursda tələbənin artıq peşə haqqında müəyyən anlayışı, ilkin bacarıqları və seçdiyi istiqamətə marağı formalaşır. Təcrübə müddətində o, real layihələr üzərində işləyə və şirkətin korporativ mədəniyyəti ilə tanış ola bilər. İşəgötürən isə öz növbəsində potensial işçisini əvvəlcədən inkişaf etdirmək imkanı qazanır.
Üçüncü kurs tələbələri üçün ödənişli praktika və layihələrdə tam iştirak daha uyğundur. Lakin tələbələrlə tanışlığa yalnız bu mərhələdə başlamaq artıq gec ola bilər: ən aktiv gənclər artıq əlavə işlərdə çalışır, digər layihələrdə iştirak edir və ya gələcək işəgötürənini çoxdan seçmiş olurlar.
Sonuncu kurs isə bilavasitə işə qəbul üçün daha əlverişlidir. Məzun olmamışdan əvvəl tələbələr konkret iş təklifləri gözləyirlər, ona görə də şirkətlər artıq təcrübəli və hazır olan gənc mütəxəssislər uğrunda birbaşa rəqabət aparmalı olurlar", - deyə ekspert mövqeyini izah edib.
Vasilyev biznes nümayəndələrinə birinci kurs tələbələrini sahə ilə sadəcə tanış etməyi, ikinci kursdan etibarən onları təcrübələrə dəvət etməyi, daha sonra isə dərinləşdirilmiş praktika keçməyi və sonda işə qəbul təklifləri hazırlamağı məsləhət görüb.
Ekspertin sözlərinə görə, diplom aldıqdan sonra perspektivli məzunlar adətən təhsil illərində yaxından əməkdaşlığa başladıqları şirkətləri seçirlər.