Uzun müddətdir səbirsizliklə gözlənilən “Əli və Nino” filmi oktyabrın 6-da “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Film Azərbaycan dilində yayımlanacaq.
Bu barədə Oxu.Az-a kinoteatrın mətbuat xidmətindən məlumat verilib.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqındadır.
Film 2015-ci ildə lentə alınıb. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin, Qobustan, Xınalıq və başqa yerlərdə aparılıb.
Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar rol alıb.
A.S.
www.oxu.az