İyunun 10-da Azərbaycan Milli Xalça Muzeyində "Təbii intellekt / NI - Natural Intelligence" adlı sərginin rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına əsasən, tədbir Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın təsis etdiyi "Atəş Hub" platformasının təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və "YARADICI" mərkəzinin birgə dəstəyi ilə ərsəyə gəlib.
Açılışda çıxış edən muzeyin direktoru Əminə Məlikova bildirib ki, layihə texnoloji inkişafın, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini öyrənir. Sərginin əsas mövzularına yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə əlaqəsi, eləcə də rəqəmsallaşma dövründə mədəni köklərdən və fiziki reallıqdan tədricən uzaqlaşma prosesləri daxildir. O qeyd edib ki, layihədə Azərbaycan xalçasına xüsusi diqqət ayrılaraq, o, mədəni kodların, simvolların və yaddaşın daşıyıcısı kimi təqdim olunur. Müəlliflər bu qədim sənət növünü müasir dövrün texnoloji, sosial və ekoloji prosesləri prizmasından yenidən qiymətləndirirlər.
"Elm və incəsənət arasındakı qarşılıqlı əlaqəni ön plana çıxaran sərgi izləyiciləri insanın təbiət, texnologiya, öz bədəni və mədəni irsi ilə münasibətlərinin necə dəyişdiyi barədə düşünməyə çağırır", - deyə Əminə Məlikova vurğulayıb.
Azad Mirzəcanzadə İnkişaf Proqramının rəhbəri Leyla Seyidzadə öz çıxışında qonaqlara məlumat verib ki, "Təbii intellekt" Proqramın qalibi olan və reallaşdırılması üçün dəstək alan ilk art-layihədir. Bunun səbəbi isə sərginin "science art" istiqamətində həyata keçirilməsi və müasir texnologiyalarla elmi, eləcə də incəsənəti özündə birləşdirməsidir. Sərginin kuratoru Sofiya Frank layihə çərçivəsində nümayiş olunan, rəssamlar Ramil Əliyev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Məmmədli və Lenay Seyidəlizadənin əsərləri barədə ətraflı məlumat verib.

"Rəssamların təqdim etdiyi instalyasiyalar, rəqəmsal incəsənət ("digital art"), "nanovideo art" və performanslar özündə dərin elmi yanaşmanı və böyük tədqiqat işini cəmləşdirir. Hər bir sənətkar bəşəriyyət üçün mühüm olan və bəzən insanları qorxuda biləcək suallara toxunur", - deyə o bildirib. Rəsmi çıxışlardan sonra ziyarətçilər sərgi zalına dəvət olunublar. Burada onlara müəllif Lenay Seyidəlizadə ilə yanaşı, Tamira İbrahim, İlqar Aydın, Nuru Qasımov, Aylin Həsənova və Diana Tixonovanın iştirak etdiyi xüsusi performans təqdim edilib. Tədbir iştirakçıları sərginin vizual tərtibatından və dərin fəlsəfi mənasından xüsusilə təsirləndiklərini ifadə ediblər. Məlumat üçün bildirək ki, sərgi iyunun 14-dək ziyarətçilərin üzünə açıq olacaq.
{{tag_products}}