25-29 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubiley sərgisi keçiriləcəkdir. Sərginin açılış mərasimi 25 oktyabr saat 17:00-da olacaq.
Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Ə.Hüseynov 1916-cı il sentyabr ayının 3-də Naxçıvanın Noraşan rayonunda anadan olub. 1930-cu ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1935-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib.
Bir müddət Naxçıvan Dövlət Dram Teatrında tamaşalara səhnə tərtibatı vermiş, eskizlər hazırlamışdır.
1948-ci ildə Bakıya gələrək, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlayıb, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti ilə yanaşı Ə.Hüseynov daim mənzərə, portret, məişət janrlarına müraciət edib, müxtəlif mövzularda rəngarəng tablolar və özünəməxsus bədii xüsusiyyətləri ilə seçilən üslub yaradıb.
1980-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Rəssam 17 aprel 1998-ci ildə dünyasını dəyişib.
Sonuncu sərgisi 22 noyabr 2006-cı ildə rəssamın 90 illik yubileyi münasibəti ilə Bakıda S.Bəhlulzadə adına Sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub, onun həyat və yaradıcılığından bəhs edən kitab çap edilib.
Yeni sərgidə isə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq.
A.S.
www.oxu.az