Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Anastasiya Lavrina: "Azərbaycan burada yaşayan bütün icmaların vətənidir"
Azərbaycan tarixən birgə yaşayış modelinin, multikulturalizmin və tolerantlıq dəyərlərinin nümunəsi olub. Əsrlər boyu Azərbaycan ərazilərində müxtəlif dinlərin, etnik qrupların nümayəndələri məskunlaşıb, özlərini icma kimi təsdiqləyib və cəmiyyətimizə asanlıqla inteqrasiya olublar. Bu istiqamətdə isə onlar heç bir süni maneə ilə qarşılaşmayıblar. Çünki multikulturalizm, həqiqətən də, sözdə deyil, əməldə də Azərbaycanın dövlət siyasətinin vacib elementlərindən biri olub və bu siyasət indi də uğurla davam edir.
Bunun ən böyük dəlili isə Azərbaycanın Konstitusiyasıdır. Əsas qanunumuza əsasən, Azərbaycan dövləti irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, eləcə də insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmağı qadağan edir. Əbəs deyil ki, zaman-zaman Azərbaycana səfər edən dövlət başçıları da ölkəmizdə fəaliyyət göstərən dini və etnik mənsubiyyətlərini ehtiva edən icmalara, məbədlərə baş çəkib, bu fəaliyyətin təqdirəlayiq olduğunu bildiriblər.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib ki, Azərbaycan bütün dini icmalara münasibətdə olduğu kimi, ölkəmizdə fəaliyyət göstərən pravoslav, katolik kilsələrinə də xüsusi diqqət ayırır, tolerant mövqe sərgiləyir:
- Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını ziyarət etməsi də Azərbaycanın öz ərazisində yaşayan xalqların və qonşu dövlətlərin dini-mədəni ənənələrinə göstərdiyi yüksək hörmət və dəstəyini bir daha vurğulayır. Belə bir jest təkcə diplomatik nəzakət deyil, həm də cəmiyyətdə tolerantlıq mühitinin saxlanmasına kömək edən dinlərarası və dövlətlərarası dialoqun gücləndirilməsinə dərin istəyi nümayiş etdirir.
Eləcə də Azərbaycanda mədəni irsin qorunması üzrə dövlət proqramı çərçivəsində məbədlərdə bərpa işləri aparılır, dini tədbirlərə dəstək verilir. Bununla da müxtəlif dini ənənələrə hörmət prinsiplərinə sadiqlik nümayiş olunur, müxtəlif konfessiyaların dinc yanaşı yaşaması və inkişafı üçün şərait yaradılır. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyev xalqın dini, mənəvi və milli dəyərlərinin qorunub-saxlanması istiqamətində çox mühüm işlər görüb. Ulu öndərin bu sahədə siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
- Bəs Azərbaycanın Rus İcması dövlətimizin bu yanaşmasını necə qiymətləndirir?
- Azərbaycandakı Rus İcması ölkəmizdə bütün etnik qruplara necə hörmətlə yanaşıldığını öz nümunəsindən bilir. Hüquqlarımıza həmişə hörmətlə yanaşılır və biz özümüzü respublikanın tamhüquqlu vətəndaşı kimi görürük. Prezident İlham Əliyevin müxtəlif dinlərin nümayəndələrini dini bayramlarda mütəmadi olaraq təbrik etməsi, onlara dəstək olması Azərbaycanın hörmət və tolerantlıq prinsiplərinə sadiqliyini vurğulayır.
Çoxlu nümunələr bu qiymətləndirməni təsdiqləyir. Məsələn, Bakıda rus mədəniyyəti və dili qorunub inkişaf etdirilən rus məktəbləri, mədəniyyət mərkəzləri var. Dövlət orqanları, ictimai təşkilatlar rus icmasının təşkil etdiyi mədəni tədbirlərə və bayramlara fəal dəstək verirlər. Milli münasibətlərdə şəffaflıq və mədəni fərqliliklərə hörmət müxtəlif icmaların harmonik birgə yaşayışını dəstəkləmək üçün açardır. Azərbaycandakı ruslar öz mövqeləri ilə fəxr edir və hər zaman vətənlərini müdafiə etməyə hazırdırlar. Birinci Qarabağ müharibəsi zamanı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı etnik rusların necə könüllü olaraq ölkənin müdafiəsinə qalxması buna birbaşa sübutdur. İcmamızda ölkənin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlar da var, geri dönənlər də.
- Azərbaycanın Rus İcmasının neçə nəfər üzvü var?
- Bizim icmanın 120 min nəfərə yaxın üzvü var. Bu, Cənubi Qafqaz regionunda ən böyük göstəricidir. Həmçinin, bu statistika rusların Azərbaycanda yaxşı yaşadığını göstərən mühüm nümunələrdən biridir. Onu da qeyd edim ki, Azərbaycanın Rus İcması ölkənin ictimai həyatında da fəal iştirak edir.
- Bu faktlar və dəlillərdən çıxış etsək, Azərbaycanın bu yanaşmasını həm də bütün dünyaya nümunə saymaq olarmı? Çünki Azərbaycan, həqiqətən də, dini dözümsüzlük şəraitinin hökm sürmədiyi qabaqcıl ölkələrdəndir.
- Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır, lakin dünyəvi dövlətdir. Məhz Azərbaycan cəmiyyəti tolerantlığın səviyyəsinə görə bir çox Qərb ölkələrinə nümunə kimi göstərilir. Əksər hallarda Azərbaycanı dini dözümsüzlükdə ittiham edənlər ya vəziyyətlə ümumiyyətlə tanış deyillər, ya da erməni diasporu və erməni lobbisinin yaydığı yalan məlumatlara istinad edirlər. Azərbaycan ərazilərində erməni işğalı illərində onlarla məscid, pravoslav kilsələri dağıdılıb. Məsələn, ölkənin Xocavənd rayonunda yerləşən pravoslav kilsəsindən yalnız xarabalıqlar qalıb. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra dağıdılan ziyarətgahların bərpası üçün böyük səylər göstərir. Ölkəmizə gələn xarici qonaqlar, rəsmilər vəziyyətlə şəxsən tanış olur, əhali ilə ünsiyyət qurur, ölkəmiz əleyhinə ünvanlanan fikirlərin əsassız olduğunu başa düşürlər. Azərbaycan, ərazisində yaşayan bütün icmaların vətənidir.
Mərahim Nəsib