Oxu.Az-ın GoldenPay şirkətinin və Hesab.az onlayn-ödəniş portalının təsisçisi və rəhbəri Fərid İsmayılzadə ilə müsahibəsi:
- Fərid İsmayılzadə kimdir? Özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?
- Adım Fəriddir. 2007-ci ildə əvvəl Türkiyədə və sonra isə Amerikada təhsilimi başa vurduqdan sonra vətənə qayıtdım. Elə həmin il GoldenPay şirkətini təsis etmişəm. 2011-ci ildə isə GoldenPay şirkəti Hesab.az portalını yaratdı.
Hal-hazırda şirkətin rəhbəri olmaqda bərabər, ADA universiteti ilə Maastricht School of Management-in birgə proqramı olan eMBA-də təhsil alıram və bacardığım qədər təcrübəmi başqaları ilə bölüşməklə məşğulam.

- GoldenPay Azərbaycanda ilk və ən iri onlayn ödəmə sistemidir. Elə qeyd etdiyiniz kimi, GoldenPay bazara 8 il bundan əvvəl daxil olub. Bu illər ərzində bazarda hansı dəyişikliklərin şahidi olmusunuz?
- Açığı, şirkəti quranda yadımdadır ki, hamı bizi məzhəkəyə qoyurdu. Heç kimin onlayn ödəməyəcəyini, insanların buna hazır olmadığını və bu işdə qazanmaq mümkün olmayacağını söyləyirdilər. İndi isə Hesab.az kimi daha 7 daha portal yaradılıb. Vaxtilə bizi ciddi qəbul etməyənlər hal-hazırda bu işlə məşğul olurlar və ya olmağa çalışırlar.
8-il bundan əvvəl bu gün ilə müqayisə etdikdə daha çox insanın internet üzərindən ödənişlər etdiyini eyni zamanda onların ödənişlər etmək və xidmətlər əldə etmək vərdişlərinin dəyişdiyini görə bilərik. Proses bitməyib və deyərdim ki, sürətlə davam edir.

Bu yeni yaranmış portallar da əslində bu prosesə kömək edir. Nə qədər çox şirkət onlayn ödəməni təbliğ etsə, bir o qədər yaxşıdır.
- Fərid bəy, insanların düşüncəsinin dəyişməsinə nə səbəb olub?
- Əgər yeni yaranmış texnologiya digərlərindən daha rahatdırsa, insanlar ondan istifadə etməyə can atırlar. Düşünürəm ki, bazarda baş verən bu dəyişikliklər normal haldır. Bizim sektorda ingiliscə desək “early adopter” deyə bir anlayış var. ”Early adapter”-lar yəni “ilkin istifadəçilər” həmin yeni texnologiyalardan həmən istifadə edənlərdir, sonra isə həmin texnologiyanın üstünlüklərini ətrafındakı insanlara izah edənlərdir.

Bugün bildiyimiz bütün məşhur portallar Facebook, Google, Youtube elə beləcə böyümüşdür. Azərbaycanda da eyni proses baş verdi. İnsanlarımız poçta, ödəmə köşklərinə, banklara getmək əvəzinə indi onlayn ödəyirlər.
- Fərid bəy, biznesə ilk dəfə başlayarkən hansı çətinliklərlə qarşılaşmısız? Və ilk maliyyə dəstəkçiniz kim olub?
- GoldenPay-in ən böyük çətinliyi onlayn ödəməni qəbul edən şirkətlərin rəhbərliyini inandırmaq idi. Hətta xarici şirkət rəhbərləri belə onlayn ödəmənin gələcəyinin olduğunu bilsələr belə yenə də, şirkətlərinin bu tip ödənişə qoşmağa tələsmirdilər..
Əlbəttə ki, start-up olduğumuza görə, ilk illərdə maliyyə çətinliklərimiz də çox olub. Şirkətin ilk ofisi mənim indi yaşadığım ev idi. İlk investisiyanı atamdan almışam. Sonra isə investorları inandırmaq, onlardan pul cəlb etmək önəmli idi və deyərdim ki, məncə doğru vaxtda, doğru yerdə və doğru adamlarla tanış olmuşdum.

Bəxtim gətirmişdi də deyə bilərəm.
Buna baxmayaraq belə deyim “dibi” dəfələrlə görmüşəm. Yadımdadır, 4 ay işçilərimizin maaşını verə bilmədiyimiz vaxtlar da olub. Amma heç kəs şirkəti tərk etmədi.
GoldenPay ilk gündən və indi də bir ailədir və bu ailənin hər bir üzvü insanların vaxtına qənaət etməyi üçün imkan yaratdığını anlayır və bu ideyanın ətrafında birləşib. Məhz buna görə çox çətinlikləri dəf etmişik və bilirəm ki, gələcəkdə bizi asan heç nə gözləmir. Mən şirkətə, onun hər bir işçisinə və özümə güvənirəm. Hər şey bundan da yaxşı olacaq.
- Siz maddi tərəfdaşlarınızı necə inandıra bildiniz? Özünüz də bu ideyaya inanırdınızmı?
- Əlbəttə, başqa cürə ola da bilməz. Düzünü deyim, mən Azərbaycana sırf bu layihəni gerçəkləşdirmək üçün qayıtmışam. Açığı nə siz deyən qohumcanlıyam, nə də ailəcanlı. Xaricdə yaşayanda da heç kim üçün darıxmamışam. Həmişə məni insanların həyatında necə müsbət dəyişiklik edə biləcəyim düşündürüb.
Bu gün 160 mindən çox insan Hesab.Az portalında qeydiyyatdadır və bu rəqəm durmadan artır. Bu qədər insan internet üzərindən ödəniş edir. Deməli 160 mindən çox insanın vaxtına qənaət edib, onu daha səmərəli keçirməsinə nail olmuşuq.
Mən və əminəm ki, şirkətimizdə işləmiş və işləyən hər kəs bununla fəxr edir. Belə bir inam, belə bir niyyət olduqdan sonra, məncə digərlərini inandırmaq o qədər də çətin deyildi.
- Vətənə qayıtmasaydınız, planlarınızı necə quracaqdınız? Fərid İsmayılzadə orada kim olacaqdı, ABŞ-da adi amerikan vətəndaşı, yoxsa?
- Bu sualı 4-5 ay bundan əvvəl versəydiniz o zaman deyə bilərdim ki, orada ortasəviyyəli birisi ola bilərdim, amma 4-5 ay bundan əvvəlkı əvvəlki ABŞ-a axırıncı ziyarətimdə öz doğma qrup yoldaşımla görüşdüm. Nə biliyi, nə savadı, nə də imkanı baxımından məndən o qədər də irəlidə olmayan birisidir. Amma bu gün deyərdim ki, məndən daha çox insanın həyatını dəyişmək imkanı var.
Əvvəllər düşünürdüm ki, mən orada adi birisi olardım, Azərbaycanda isə daha önəmli işlər görərəm. İndi isə buna əvvəlki qədər inanmıram.
ABŞ-da da qalmış olsaydım, çox güman ki, önəmli nailiyyətlərim ola bilərdi. Uğurlu olmaq üçün çətinliklərdən qorxmamaq, daim özün üzərində işləmək lazımdır. İnsanları inandırmalı, doğru vaxtda, doğru zamanda doğru addımı atmalısan, doğru insanlarla tanış olmalısan.
Dürüst və səmimi olmağı bacarmalısan. Əgər bu saydığım nüanslar varsa uğuru ABŞ-da da əldə etmək olar.

- Əgər dediyiniz kimi sizin dostlarınızın uğuru sizdən çoxdursa, onda vətənə qayıtmağınıza görə peşmansınızmı?
- Peşman deyiləm. Sadəcə bu baxır məsələyə hansı perspektivdən yanaşırsınız. Pafos olsun deyə demirəm, mən vətənpərvər birisiyəm. Həmişə ölkəmin inkişafında maraqlı olmuşam. Mənə indi çox xoşdur ki, bizim etdiyimiz işlər həmvətənlərimizin həyatını dəyişdi, onların vaxtını daha səmərəli etməsinə gətirib çıxardı.
Bundan əlavə, bilirsiniz ki, nə qədər çox onlayn ödəniş olsa, bir o qədər də şəffaflıq olar. Elektron ödənişlər həm də kriminalı, korrupsiyanı azaltmaq deməkdir. Rüşvəti internetlə vermək və yaxud da silahı internetdən almaq mümkün deyil. Nə qədər çox nağd ödənişlər yığışdırılsa, bir o qədər də ölkə şəffaflaşar, inkişaf edər. Bu perspektivdən yanaşdıqda peşman deyiləm, gördüyümüz işlər mənə xoşdur.
Hal-hazırda, GoldenPay-i başqa ölkələrdə də qurmaqla məşğuluq. Bosniya, Serbiya, Gürcüstanda bu sistemi yaratmağa çalışırıq. Azərbaycan şirkətini beynəlxalq arenaya çıxartmaq mənə ayrıca qürur verir.
Başqa bir tərəfdən peşmanam ki, görülən işlər, həcm baxımından kiçikdir. Məncə bizim kimi şirkət sahiblərinin bir nömrəli problemi Azərbaycan bazarının balaca olmasıdır. Yəni, bu gün ölkənin ən böyük qeyri-xəbər portalı olan Hesab.az-ın 160 min istifadəçisi var və deyim ki bu, əslində heç nədir. Mənim ABŞ-dakı qrup yoldaşımın yaratdığı bir portal var, deyərdim ki, bizim üçün çox mənasız bir xidmət verir, yəni çox da hamıya lazım olan xidmət deyil.
Amma bu portalın test versiyasında istifadəçilərin sayı hesab.az-dan çoxdur. ABŞ bazarı çox böyükdür. Eyni şeyləri Avropa, Türkiyə, Rusiyaya da aid etmək olar. Qazanc baxımından da yanaşdıqda da rəqəmlər fərqlidir. 220 milyon nəfərdən qazanacağın pulun miqdarı ilə 9 milyon nəfərdən qazanacağın pulun miqdarı fərqlidir, ona görə də, amerikan portalları, şirkətləri hal-hazırda dünya liderləridir.
Bu mənada bir az peşmanam, məncə böyük bir layihə etmək olardı. Ancaq düzü hələ qlobal bir şey etməkdən əlimi üzməmişəm. Fikrimdə potensial olaraq qlobal ola biləcək bir-iki layihə ideyası var. İnşallah onları reallaşdıraram.
- Bəs bu kiçik bazarda rəqabətlilik hansı səviyyədədir?
- Bir az əvvəl dediyim kimi, son bir ildə 7 bizim portal kimi portal yaradılıb. İnternet sahəsi olduğuna görə monopoliya qurmaq demək olar ki mümkün deyil.

İndi kimin portalı yaxşıdırsa istifadəçilər də onu istifadə edəcəklər. Məncə bu portallardan tezliklə bir neçəsi bağlanacaq və artıq yenilərinin yaranacağına inanmıram.
- Sizcə, internet üzərindən biznesi olan onu inkişaf etdirmək üçün konkret hansı marketinq əməliyyatları həyata keçirilməlidir?
- Hər bir biznesin özünə baxmaq lazımdır. Məncə hamının işinə yarayacaq bir formula yoxdur. Məsələn biz ödənişlərə bonuslar verdik, sonra istifadəçilərə o bonusları hədiyyələrə dəyişmək imkanını yaratdıq. Mobil operatorlarla, banklarla kampaniyalar həyata keçirdik. Məsələn, filan bankın kartı ilə ödəniş edənə ikiqat bonus verdik və s..
Lotereya keçirdik, hətta bir dəfə ödəyicimizə maşın da hədiyyə etdik. May ayında yenə lotereya keçirməyi planlaşdırırıq. Hesab.az-a dostunu gətirənə hədiyyə verdik.
Sosial şəbəkələrdə aktiv olduq. Bu tip addımlarla Hesab.az hal-hazırda internet ödəmələr bazarının təxminən 70%--inə nəzarət edir.
- Azərbaycanlı gənclərin gələcəyini necə görürsünüz?
- Çətin sualdır. Əminliklə onlara deyə bilərəm ki, heç bir yerdə asan deyil. Hər yerin özünə görə çətinliyi və asanlığı var. Açığı, məni ən çox narahat edən məsələ təhsildir.
Bizim təhsil sistemimizdən çıxan uşaqlar bir işə götürən olaraq deyim ki, bizi qane etmir.. Təhsilə diqqət çox vacibdir. Axı bu gün təhsil alanlar sabah bizim həkimimiz, müəllimimiz, polisimiz, əsgərimiz, siyasətçimiz və s..-dirlər.
Əgər təhsil sistemimiz standardlarını yüksəldə bilsək, gələcəyimizdən narahat deyiləm. Bu sahədə işlər görülür bilirəm, amma nəticələri görməyimizə ən azı 5-10 il var.
- Təhsilimiz zəifdirsə, işəgötürən şirkətlərin gənclərdən yüksək tələblər gözləməyə haqqı varmı?
- İşəgötürənin hər cür haqqı var. İşə götürən şəxs və ya şirkət planları çərçivəsində işlərini görməlidir. Ona bəlli bir tipdə adam lazımdırsa, onu bir şəkildə əldə etməlidir.

Sahibkarın işini görə biləcək adam ya var, ya da yoxdur. Ya başqa şirkətdən çıxarmalısan, ya da xaricdən gətirməlisən. Mən problemi atardım iş axtaranın üstünə. Bu gün ölkədə əgər kimsə işsizlikdən danışırsa öz təcrübəmdən deyim ki, çox şirkət sahibləri və idarəçiləri də normal kadr çatışmazlığından danışır. İndi iki diplomun var, qırmızı diplomum var kimi söhbətlər dövrü deyil.
Oxumalısan, öz üzərdində daim çalışmalısan, tədbirlərdə, treninqlərdə iştirak eləməlisən və yüksək səviyyəli kadr olmalısan. İnternet bu gün kifayət qədər imkanlar yaradır, və məncə indi özünü inkişaf etdirmək asandır.
- Siz özünüz hansısa sosial şəbəkədə varsınız?
- Ancaq Facebook istifadəçisiyəm. 5 minə yaxın dostum var. Artıq dostluq qəbul edə bilmirəm, amma izləyicilərim var. Əsasən şirkət və səfərlərim barədə məlumatları bölüşməyi xoşlayıram.
- Yazılarınızın birində qeyd etmisiniz ki, Facebook-da dostluğumda olan adamların problemlərini həll etmək üçün ən azından 3-5 sorğu ilə şəxsən məşğul olursunuz. Məlumat üçün bildirim ki, hətta sizinlə əlaqə qurmaq üçün şirkətin e-mail ünvanına məktub göndərmişdim. Onu belə şirkətin idarə heyətinin sədri cavablandırırdı. Necə düşünürsüz bu, müştəridə inam yaratmağın formalarından biridirmi? Və yaxşı biznesmen hansı xüsusiyyətlərə malik olmalıdır?
- Açığı, email mənim özümə yox, işçilərimə gəlmişdi, onlar e-mail-inizi mənə yönləndirdilər. Bu bizim şirkətin mədəniyyətidir. Biz ilk gündən şirkətdə hamı bərabərdir prinsipi və mədəniyyəti ilə fəaliyyət göstəririk. Bu mədəniyyəti yaratmağa çalışanda məni tənqid edirdilər, bizimkilərin qılınc müsəlmanı olduğunu deyirdilər və sərbəstliyin və bərabərliyin işləməyəcəyini deyirdilər. Məncə GoldenPay-də bir Google, Facebook-un ofisi kimi atmosfer var. İşçilərimizin geyim formaları rahatdır, yayda gəlsəniz çoxumuzu şortikdə görərsiniz.
Özümün ayrıca kabinetim yoxdur. Mənim stolum uşaqlarla eynidir, bizdə idarə heyəti və s. kimi anlayışlar formal xarakter daşıyır. Əsas “işini gör” mexanizmidir.
Tezliklə yeni ofisə köçməyi planlaşdırırıq. Orda sözün əsl mənasında Google, Facebook kimi şirkətlərin ofis atmosferini yaratmağa çalışacayıq. Odur ki, idarə heyətinin sədri olaraq sizin e-mail-ə cavab verməkdə bir problem görmürəm və əlimdən gələni edəcəyəm ki, ağacımız bar verdikcə başımızı əyək.
- Bildiyim qədəri ilə səyahət etməyi sevən birisisiniz. Hansı ölkələrə səyahət etmisiz? Səfərlər sizə görə yorucu olmur?
- Səyahət etmək mənim üçün hər şeydir. Bu günə qədər 47 ölkədə olmuşam. Məqsədim bütün dünya ölkələrini gəzməkdir. İnşallah qismət olar. Çalışıram hər il beş əvvəl olmadığım yeni ölkədə olum. Düzü, 2014-cü ildə bu planımı həyata keçirə bilmədim, amma bu il keçən ilin də əvəzini çıxmağı planlaşdırıram.
Səyahət bəzən iş və ya şəxsi işlərlə bağlı olur. Futbol xəstəsiyəm. İki sevimli klubum var: Bavariya və Galatasaray. Onların oyunlarını stadionda izləmək üçün tez- tez İstanbula və ya Münxenə gedirəm. Səyahət zamanı şəkil çəkdirməyi xoşlamıram. Səfər etdiyim ölkələrin görməli yerləri ilə elə də çox maraqlanmıram. Ən çox məni maraqlandıran səfər etdiyim ölkənin insanları ilə ünsiyyət və onların mətbəxidir. Demək olar ki, hər şey yeyə bilirəm.
Çində, Taylandda olduğum zaman belə qarşıma qoyulan bütün yeməklərdən daddım. Qurbağa ətindən tutmuş böcək qızartmasına qədər. Məndə iyrənmək deyilən anlayış yoxdur. Bunları normal qarşılayıram. Bütün millətlərdən ən azı bir nəfəri tanımaq mənim üçün maraqlıdır. İşim, gücüm, ailəm olmasaydı və yetərincə pulum olsaydı elə ancaq dünyanı gəzərdim. Özü də fərqi yoxdur beşulduzlu və ya tələbəsayağı gəzmək. İkisindən də ləzzət alıram. Gəzdikcə həyatı anlayıram.
- Dediniz ki, şəkil çəkdirmirəm, bəs sizdə səfər etdiyiniz yerlərin rəsminə yenidən baxmaq ehtiyacı yaranmır?
- Ehtiyac olmayıb. Səfərlərim adətən insanlarla bağlı olub. Onlarla keçirdiyim zamanlar isə yadımdan çıxmır. Həyatda daima xoşbəxt ola bilməzsən, xoşbəxt dəqiqələrin, saatların, günlərin ola bilər.
Çox xoşladığım bir fikir var: Həyat necə dəfə nəfəs almağından ibarət deyil, həyat neçə anın sənin nəfəsini almağından ibarətdir. Həmin anlar isə beynimdədir, şəkillərdə yox.
- Belə bir müqayisə aparsaq, azərbaycanlı biznesmen ilə amerikan biznesmen arasında hansı fərqlər mövcuddur? (işçiyə, işə münasibət və s. baxımından)
- Fərqliliklər çoxdur. Məsələn, amerikanlar işlərinə çox fokuslanmış olurlar və vaxtlarından çox effektiv istifadə edirlər. Tez-tez onların səhər 8-də səhər yeməyi zamanı görüşləri olduğunu görə bilərsiniz. Keçən həftə səhər saat 8-də mənim də burda görüşlərim oldu.
Bu görüşlər çox xoşuma gəldi amma görüşlər elə burdakı Amerika şirkət rəhbərləri ilə idi. Amerikalılar üçün e-mailləşmələr, zəngləşmələr yetərlidir. Bizdə isə mütləq görüşmək lazımdır. Amerikanın böyük şəhərlərində günün günorta çağı yolda tıxac olmaz. Bizdə isə hər zaman tıxacdır. E-mailləşmə Amerikada ən önəmli işləmək vasitəsidir. Əgər e-mail yazanda normal e-mailə ad yazmasanız e-mailiniz oxuyan olmaz.

Bizdə isə buna diqqət yetirilmir. Orda daha çox kapitalist rejimdir, hər dəqiqənin qiyməti var. Azərbaycanlılar isə daha çox rahat, yavaş-yavaş yaşayır. Bizlərdə “deadline” anlayışı demək olarkı yoxdur. Bu fərqlilikdən çox danışmaq olar. İlk ağlıma gələnlər bunlar oldu.
- Bunun səbəbi nədir? Niyə insanlarımız belədir?
- Məncə buna səbəb oradakı rəqabət mühitidir. Hər dəqiqə kimdənsə qabağa və ya geriyə düşə bilərsən. Ona görə orda çox başqa bir enerji, atmosfer var. Hər kəs gecə-gündüz çalışır ki, qabağa düşsün. Gördüyü işi daha yaxşı, daha güclü etsin. Bizdə daha çox bu gün olmaz, sabah olar yanaşması var. Bizim də cəmiyyətdə ədalətlı rəqabət mühiti yaransa, yəni kimsə kiminsə qohumudur deyə yox, öz qabilliyəti ilə qabağa getsə bizlər də hər dəqiqəmizin qədrini bilərik.
Düzü son illər bu proses sürətlə gedir. Artıq çox adamın biliyi, savadı və qabilliyətinə görə qabağa getdiyini görürük. İnanıram ki, bu proses daha da sürətlənəcək.
- Siz necə, amerikalılar kimi dəqiq idinizmi?
- Mən Azərbaycandan 15 yaşından getmişəm. Çox uşaq idim. Hələ şəxsiyyətim formalaşmamışdı deyə bilərəm. Nəinki dəqiqlikdə, çox məsələlərdə kifayət qədər amerikanlaşmışdım.
Məncə indi də belədir. Bir çox fikirlərim, düşüncələrim bu mentalitet deyilən hələ də nə olduğunu bilmədiyim şeyə uyğun deyil. Bunun belə qalmasını istəyirəm.
- İş mühitində nədən xoşunuz gəlmir?
- Azərbaycanın biznes mühitində daha çox win-win (qalib-qalib) yanaşmanın yaranmasını istərdim. Yəni iş görüşlərində hər iki tərəf başa düşməlidir ki, görüşün nəticəsində hər iki tərəf qalib ayrıla bilər.
Bizdə daha çox düşünürlər ki, biri nəsə əldə edirsə, o biri tərəf mütləq nəsə itirir. Məsələn, gedirsən hansısa şirkətə, deyirsən gəl filan məsələni reallaşdıraq. Görüşdəki qarşı tərəfdəki şəxslər elə başa düşünürlər ki, sən etdiyin təkliflə sadəcə özünə qazanc gətirmək niyyətindəsən.
Qeyd edim ki, bununla daha çox bir yaşlı, sovet təhsili almış və yanaşması müasir olmayan rəhbərlərlə rastlaşırsan. Rəhbər şəxs nə qədər gənc olsa, müasir, mümkünsə xaricdə yaxşı təhsil almış, işini daha çox xarici iş adamları ilə görən birisi olsa bir o qədər həmin insanlarla işləmək rahatdır.
- Gəncləri necə motivasiya etmək olar?
- Onlar təhsilə və özlərini inkişaf etdirməyə fikir versinlər. Qeyd etdiyim kimi bu gün internet var deyə bunu etmək çox rahatdır. İdeyalara, fikirlərə, ətrafa baxsınlar. Yaylarını boş keçirtməsinlər. Mən xaricdə yaşayanda yayda ya oxumuşam ya da könüllü və ya çox az maaşa işləmişəm.
Təhsildən əlavə AİESEC deyə bir tələbə təşkilatının üzvü idim. Bu təşkilat bu gün Azərbaycan da var və deyərdim ki, ən güclü vaxtını yaşayır. Mən AİESEC xətti ilə yayda Ukrayna və Misirdə işləmişən. Məsələn indi lap ən primitiv halda yayda Türkiyədə oteldə rus dilində bələdçi kimi işləmək olar. Bu iş zamanı çoxlu xarici ilə tanış olmaq, onların mədəniyyətini, dilini, dinini öyrənmək olar.
Məncə, mənim satış qabilliyətim yaxşı inkişaf edib. İlk dəfə anamın doğulduğu Şəkinin Kiçik Dəhnə kəndindən rəhmətlik babamın kəndə gətirdiyi kələmi çoxlu satmışam. Amerikada pizza satmışam. Bundan çəkinmək, qorxmaq, utanmaq və s. olmamalıdır. Gənc vaxtlarımızda hansı təcrübəni alırıqsa, bu bizim gələcəkdə şəxsi, iş həyatımıza kömək edəcək.
- Azərbaycanda İKT-nın hansı seqmenti üzrə ölkə iqtisadiyyatını inkişaf etdirmək mümkündür?
- Telekom sektoru çətin olacaq. Bunlar xərc tələb edən sahələrdir. Amma İT sahəsində məncə çoxlu imkanlar var.
Mobil app-lar sahəsində çoxlu ideyalar həyata keçirmək olar. Düşünürəm, elə bir ideya fikirləşmək lazımdır ki, onlar başqa ölkələrə çıxa bilsin. Daha böyük bazara fokuslanan layihələr düşünmək lazımdır.
Xaricdə uğurlu olmuş layihələri təkrarlamaqdan bir az diqqəti azaltmaq olar.
- Bəs GoldenPay hansı iri layihələrə başlamağı planlaşdırır?
- Biz hal-hazırda portalı yenidən yaratmağı planlaşdırırıq.. Bütün kodu sıfırdan yeni texnologiyalar əsasında yazmaq istəyirik. Biz buna şirkət daxilində “Hesab.az-ı yenidənkəşf et” deyirik. Hesab.az-ın bu günlərdə 4 yaşı olacaq. O qədər yeni ideyalar var ki, bunları real olaraq tətbiq etməyi düşünürük. Mobil-tətbiqin inkişafı inkişafı bizdə hal-hazırda prioritetdir.
Və əvvəl geyd etdiyim kimi, xarici bazarlara çıxmağa planlaşdırırıq. Pis-yaxşı bu bazarda oturuşmuşuq, bəlli bazar payı, təcrübəmiz var. Bütün bu üstunlüklərimizdən maksimum istifadə etməyi planlaşdırırıq.
- Biznesdən qazandığınız ilk maliyyəni nəyə xərcləmisiniz?
- Borclarımı qaytarmışam. Bir ara investordan pul almırdıq və o zaman şirkətin işçilərinin maaşını cibimdən ödəyirdim. Risk edib bir çox bankdan şəxsi kreditlər götürmüşdüm.
İşlər düzəlməyə başlayan kimi, eyni zamanda şirkət yarandıqdan 3 il yarım sonra maaş almağa başlayan kimi kreditləri bağlamağa başladım. Şükür, artıq banklara borcum yoxdur.
- Fərid bəy, siz hansı filmləri, musiqini sevirsiniz?
- Yerli musiqiyə elə də qulaq asmıram. Klassiklərimiz də mənə xoşdur, ancaq bütün günü klassiklərə qulaq asıram desəm yalan danışmış olaram. Arada Tünzalə, arada Röya və yerlilərdən bu qədər. Daha çox xarici musiqi ilə aram yaxşıdır. Zövqümə oxşayır. Ağır rokdan başqa hər şeyə qulaq asıram. Trans musiqisi isə mənim ən sevdiyim janrdır.
Ümumiyyətlə, hər şeyin klassikasına qarşı o qədər də meyilliliyim yoxdur. Hər şeyin yenisinə qarşı daha çox meyilliyəm, avtomobil, geyim, telefon seçimlərim həmişə ən müasir olub. Məsələn, özümü 1970-ci illərin maşınını sürməyi təsəvvür etmirəm. Mənim arzum indi Tesla almaqdır. Görək qismət olsa.
Kinolara baxmağa çox xoşlayıram. Fantastik janr məni daha çox cəlb edir. Düşünürəm ki, fantastik filmlər mənə çoxlu ideyalar verir. Həyatımızın hansı sahəsini fantaziya ediriksə, onlar bir vaxt olacaq deməkdir.
Əgər “Ulduzların savaşı” filmində qəhrəmanlar əllərində bir alətlə bir-birlərinin görərək danışırdılarsa, indi bu Skype və ya iPhone-dur. 1970-ci illərin “James Bond” filminə baxsanız orda qəhrəman saatındakı düyməni basmaqla şəkil çəkirsə, indi də bu artıq adi bir şeydir.
“Terminator” filmində isə insanlar robotlarla vuruşur. Məncə bu da mümkün reallıqdır. Hətta elə bir dövr gələcək ki, robotlar fikirləşə bilərlər ki, artıq bizə insanlar lazım deyil, bəşər övladına qarşı müharibə elan edə bilərlər. Bunlar da ola bilər.
- Ailə və iş arasındakı balansı necə qoruyursunuz? Bir çox insanlarla ünsiyyət zamanı aydın olur ki, onlar həyatlarını müəyyən planlar üstündə qurublar, siz necə planlarla yaşayırsız?
- Növbəti 10-15 il olaraq baxsanız, həyatımı planlaşdırmışam. Bugünüi halım da keçmiş planımın bir hissəsidir. Amma gündəlik planlamada çətinlik çəkirəm. Normal halda səhərlər saat 07:38-də dururam və idmana gedirəm. Amma bu hər gün alınmır. Xüsusən də səfərdən qayıtmışamsa və ya axşam dostlarımla görüşmüşəmsə səhər idmanı buraxıram.
Təəssüf ki, ailəmə istədiyim qədər vaxt ayıra bilmirəm. Üzərində işləmək istədiyim və bu il üçün prioritet məsələrdən biridir. Qohum-əqrabadan isə daha çox uzağam. Bunu qəsdən etmirəm. Onlara köməyim dəyəcəksə canla-başla etməyə hazıram. Amma xeyirlərinə və şərlərinə çox çatmıram. Onlar həmişə məndən bu anlamda bir addım öndə olublar. Mənim ad günlərimdə və s. həmişə birinci təbrik edirlər. Düzdür, artıq qulağıma gəlib çatır ki, onlar şikayətlənirlər. Nədənsə bu məsələni həyatımda prioritet edə bilməmişəm. Mənim üçün önəmli olan məsələ həmişə daha çox kütlənin həyatında effekt yaratmaq olub.
Məsələn, son illərdə təəssüf ki, dəfn mərasimlərində çox iştirak etmişəm. Və məncə dəfn mərasimi bir son imtahandır. Dəfn mərasiminə səmimi şəkildə yığışan insanların sayı bir növ sənin həyatda gördüyün işin qiymətidir. Məsələn, Vüqar Həşimov 27 yaşda rəhmətə getdi, amma on minlərlə insan onun nəşı ilə sağollaşmaq, onu çiyinlərində aparmaq üçün dəfn mərasiminə gəlmişdilər.Hətta onların arasında Vüqarı bəlkə də həyatlarında görməyənlər belə var idi. Bu, Vüqarın çoxlu insanın həyatından xoş bir təəssüratla ayrıldığını göstərir, amma elə insanlar var ki, rəhmətə gedəndə onun dəfninə 10-15 nəfər nəfər belə gəlmir.
Məncə həyatda elə şeylər etmək lazımdır ki, o son nöqtəyə gəlib çatanda sən də maksimum insanın həyatına təsir etmiş olasan. Bu mənim üçün çox önəmlidir. Düzü bu ambisiya məni ailəmdən və qohumlarımdan uzaqlaşdırır. Daima işimi fikirləşirəm və onunla yaşayıram. Balansızlıq pis şeydir, və tezliklə bu məsələdə balansı yaratmağa çalışacağam.
Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev
www.oxu.az