Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin bugünkü qonağı Azərbaycan – Britaniya Məzunlar Birliyinin (Azerbaijan - UK Alumni association - AUKAA) üzvü Nabil Seyidovdur.
Nabil bəylə səhiyyə və uşaq hüquqları sahəsindəki problemlər haqqında maraqlı söhbət etdik.
- Nabil bəy, ixtisasca həkimsiniz. Amma uşaqların hüquqlarının müdafiəsi ilə məşğulsunuz. Bu sahədə fəaliyyətə nə zamandan başlamısınız?
- Hələ 1999-cu ildə Tibb Universitetində oxuyarkən müəllimlərimizdən biri təklif etdi ki, aktiv gənclər olaraq birləşək və ictimai birlik yaradaq. O zamanlar təşəbbüs qrupları dəbdə idi. Biz də birləşib bir qrup yaratdıq və fəaliyyətimizi, əsas diqqəti uşaqların, gənclərin problemlərinə yönəltdik. Söhbət açdığım illərdə qaçqın və məcburi köçkün uşaqların ciddi problemləri vardı. Fəaliyyətimiz müddətində həm gənclər, həm də uşaqlar üçün bir çox layihələr həyata keçirdik.
Mən uşaq hüquqlarının müdafiəsi ilə 2002-ci ildən daha ciddi məşğul olmağa başladım. BMT-nin Uşaq Fondunun xahişi ilə uşaq hüquqlarına dair dərs vəsaiti hazırladım. Bu kitabı BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında hazırlamışdım. Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan və özündə 80-ə yaxın təşkilatı birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansında fəaliyyətim olub. 2003-cü ildə həmin alyansın milli koordinatoru seçildim. 2005-ci ildə isə 28 ölkənin QHT-lərini və UNİCEF-in birləşməsindən ibarət Regional Koalisiyanın baş katibi seçildim. Bu koalisiyadakı 2 illik fəaliyyətim ərzində uşaq problemləri ilə bağlı çoxsaylı işlər gördük.
- Maraqlı olar ki, görülən işlərlə bağlı konkret danışasınız. Bu gün şübhəsiz Azərbaycanda uşaq hüquqları ilə bağlı ciddi problemlər hələ də qalmaqdadır...
- Azərbaycanda uşaq hüquqları problemi ilə bağlı ciddi işlər görülüb və görülməkdədir. Lakin bu sahədə boşluqlar da çoxdur. 2005-ci ildə mənim koordinasiya etdiyim Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda uşaqların vəziyyətinə və BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasıyla bağlı alternativ hesabat hazırlamışdı.
Bu hesabatın məqsədi Azərbaycan hökumətinin hazırladığı hesabata alternativ fikir söyləmək, müsbət deyil, çatışmayan cəhətləri göstərmək idi.
Hesabatda ciddi məsələlər öz əksini tapırdı. O zaman üçün ən vacib məsələ internatda olan uşaqların vəziyyəti idi. Rəsmi statistikaya görə Dövlət Uşaq Müəssisələrində 26 min uşaq var idi. Biz isə təklif edirdik ki, həmin müəssisələr bağlanmalı, uşaqlar ya öz ailələrinə, ya da alternativ ailələrə verilməlidirlər.
Cinayət törədən uşaqlarla bağlı da ciddi problemlər vardı. Onlar müxtəlif səviyyədə cinayət törədir və həbs olunurdular. Amma əslində uşaqların mühakiməsi fərqli yolla aparılmalı idi. Eyni zamanda əlilliyi olan uşaqların cəmiyyətdən təcrid edilməsi məsələsi qarşıda duran problemlərdən idi və bu gün də problem olaraq qalır.
Səhv etmirəmsə, o dövrdə 30 mindən çox əlilliyi olan uşaq var idi və onların 70%-dən çoxu təhsilə cəlb edilməmişdi.
- Söhbət yalnız kimsəsiz uşaqlardan gedir?
- Xeyr, bu uşaqların vaildeynləri vardı. Lakin elə o valideynlər onları cəmiyyətdən təcrid edir. Bu tip uşaqlar normal məktəblərdə təhsil ala bilməzdilər. Çünki bu məktəblərdə onlar üçün şərait yox idi. Bu problem hələ də qalmaqdadır, orta məktəb və bağçalar əlil uşaqları qəbul etmirlər. Əlil uşaqlar üçün xüsusi müəssisələr var. Lakin problem ondadır ki, bu müəssisələrin demək olar ki, hamısı Bakıdadır. Belə çıxır ki, Gəncədə yaşayan ailə uşağını Bakıya gətirib, bu müəssisələrə qoymalı və çıxıb getməlidir. Bu isə düzgün deyil. Çünki bu uşaqların təhsili, cəmiyyətə qazandırılma prosesi ailəsinin yanında olmalıdır.
Bu kimi problemlər o zaman qaldırılmşıdı və 2005-ci ildən 2012-ci ilə kimi problemlər qismən öz həllini tapmışdı. Amma eyni zamanda elə ciddi problemlər var ki, onların həll yollarına heç başlanılmayıb.
- Bəs görülən işlərlə bağlı və ya mövcud problemlərlə bağlı başqa hesabatlar hazırladınızmı?
- Bəli. 2011-ci ildə son 5 ildə görülən işlərlə bağlı yeni hesabat hazırladıq. Əlbəttə görülən işlər danılmazdır. Lakin problemlər hələ də var. Məsələn, yuvinal ədliyyə sahəsində, uşaqların bu gün də böyüklər kimi mühakimə olunması mövcud problemlərdən biridir. Bakıda bu istiqamətdə irəliləyişlər var. Uşaqlar az-ağır və ya ağır cinayətlər törədəndə məhkəməyə deyil, reabilitasiyaya yönəldilirlər. Təəssüf ki, regionlarda bu imkanlar olmadığından cinayət törədən uşaqlar azadlıqdan məhrum edilir.
Onu da deyim ki, 2005-ci ildə bizim hazırladığımız hesabatlardakı və BMT-nin tövsiyələrinə əsasən 2006-ci ildə Dövlət uşaq Müəssisələrinin bağlanması ilə bağlı dövlət proqramı imzalandı. Bu proqram 2006-2015-ci illəri əhatə edir. 2014-ci ilə olan nəticələr isə ürəkaçan deyil. Bu müəssisələrin əksəriyyətinin adı dəyişdirilir, lisey və ya məktəbə çevrilir. Lakin mahiyyəti eyni olaraq qalır. Bu uşaqların taleyini məktəbin adını dəyişməklə düzəltmək düzgün deyil. Bu gün Azərbaycanda əlil uşaqların sayı 63 mini keçib və onların cəmi 20%-i təhsil alır. Bu da o deməkdir ki, onların böyük hissəsi cəmiyyətdən təcrid olunub və ailələrində qapalı qapılar arxasında qalırlar. İnkluziv təhsillə bağlı da qanunun qəbul olunması şərtdir.
- Yəqin siz tərəfdən bu qanunun bu şəkildə icra olunması ilə bağlı da hesabat hazırlanacaq?
- Bəli. Biz artıq keçən ildən hesabatın hazırlanmasına başlamışıq. Biz bu hesabatı hazırlamaqla həm hökumətə görülməli işlərlə bağlı, həm də cəmiyyətə görülən işlərlə bağlı məlumat veririk. Hesab edirəm ki, bu kimi hesabatlar üçün aparılan monitorinqlər 5 ildə bir dəfə deyil, hər il aparılmalı və ictimaiyyəti məlumatlandırmalıyıq. Bu yolla mövcud problemləri aradan qısa zamanda qaldıra bilərik.
- Nabil bəy, İngiltərədə aldığınız təhsil hansı sahə ilə bağlıdır?
- İnsan hüquqları. Elə AUKAA ilə tanışlığımız da İngiltərədən qayıtdıqdan sonraya, 2008-ci ilə təsadüf edir. AUKAA-nın qurucularından biri Məhəmməd Quluzadə o zaman mənə təşkilatla bağlı geniş məlumat verdi və təklif etdi ki, üzv olum. Təşkilatda aktiv fəaliyyət göstərmişəm. Hətta bir il AUKAA-nın sədri vəzifəsini icra etmişəm.
- Amerikada olmağınız da uşaq hüquqlarının müdafiəsi ilə bağlı idi?
- Bu, həkimlik fəaliyyətimlə bağlı idi. 2 illik təcrübə keçdim, həkim-rezident kimi fəaliyyət göstərdim. Məqsədim tibb sahəsində bilik və bacarıqlarımı artırmaq idi. Bilirsiniz, səhiyyə sahəsində dünyada böyük yeniliklər baş verir. Elə Amerikada olanda uptodate.az adlı bir elektron kitabxana yaratdım. Dünyada tətbiq olunan sübuta əsaslanan təbabətlə bağlı materialları Azərbaycan dilində bu kitabxanada topladım. Bu kitabxana səhiyyə sahəsindəki dünyada baş verən yeniliklərdən və təcrübələrdən yerli həkimləri məlumatlandırır.
Bu kitabxanadan istifadə etməklə həkimlərimiz biliklərini yeniləyə və ya yadlarına sala bilərlər. Bu tibbi portalı yaratmaqda məqsədim elə bu sadaladıqlarım idi. Çünki Azərbaycanda belə funksional tibbi məlumatları özündə əks etdirən portal yoxdu. Dünyada səhiyyədə baş verən yenilikləri isə öyrənmək üçün ingilis dilini bilmək şərtdir. İndi isə bu materiallar ana dilinə tərcümə olunur və rahatlıqla bütün həkimlərimiz və tələbələrimiz bu bilgilərdən yararlana bilərlər. İstəyim bu elektron kitabxananı inkişaf etdirməkdir.
- Bəs səhiyyəmizdəki problemlərlə bağlı nə deyə bilərsiniz? Bu problemlərin kökündə nə dayanır? Çünki vəziyyət olduqca ağırdır. İnsanlar “check up” müayinəsi üçün belə xaricə üz tutur.
- Səhiyyənin vəziyyəti əvvəlki illərdə texniki təchizatın aşağı səviyyədə olması ilə bağlı idisə, indi bu problem aradan qalxıb. İstər dövlət, istərsə də özəl xəstəxanalar yeni tibbi avadanlıqlar ilə qısa müddətdə təmin olunur. Ciddi problem ondadır ki, bizdə tibb təhsili aşağı səviyyədədir. Çünki tibb təhsilimiz hələ də sübuta əsaslanan təbabət üzərində deyil. Kliniki protokollar var. Bu protokolların sayı 60-a yaxındır. Amma dünyada minlərlə xəstəlik var. Heç bu kliniki protokollarla müalicə aparan həkimlərin sayı azdır. Bu səbəbdən də bir xəstəliyi Mingəçevirdə bir cür, Zaqatalada başqa cür, Bakıda isə tamam ayrı cür müalicə edirlər.
Digər tərəfdən Azərbaycanda həkimlərin hazırlıq səviyyəsi Amerika və ya Avropa ilə müqayisə edilə bilməz. Söhbətimiz zamanı bəhs etdiyim elektron kitabxananı yaratmaqda məqsədim dünyanın ən tanınmış həkimlərinin təcrübələrini və xəstəliklərin ən yeni müalicə metodlarını yerli həkimlərə çatdırmaq idi. Baxın, bir il öncə müalicə edilən xəstəliyi bir il sonra eyni metodla müalicə etmək düzgün deyil. Çünki tibb elmi dayanmadan inkişaf edir. Amerikada və ya Avropada elmi cəmiyyətlər çoxdur. Onlar müzakirələr aparır, təcrübə mübadiləsi edirlər. Bizdə isə elmi cəmiyyətlər yox səviyyəsindədir. Olanlar da ildə bir jurnal çıxartmaqla kifayətlənir. Yəni bir sözlə, bizdə elmi tədqiqat sıfıra bərabərdir.
Baxın, bu gün mənim məqsədim dünya tibb sahəsində baş verən yenilikləri elektron kitabxana vasitəsi ilə həkimlərimizə çatdırmaq və eyni zamanda, dünya təcrübəsini hansısa kurslar vasitəsi ilə onlara göstərməkdir. Xüsusilə tələbələrimizə. Avropada da bu, belədir. Təhsil yüksək səviyyədə olsa da, təcrübə olmayanda işləmək çətin olur. Bu təcrübəni də dediyim kimi tibbi kurslar vasitəsi ilə əldə etmək mümkündür. Bütün bu işlər görüldükdən sonra ümid edirəm ki, səhiyyəmizə kiçik də olsa dəstək vermiş olaram.
- Bu sadaladığınız işlər kiçik deyil. Mən sizə bu yolda uğurlar arzu edirəm.
- Təşəkkür edirəm.
Sədan Bünyadova
Foto: Nüsrət Abdullayev
www.oxu.az