24 
Okt
2020
00:45
1510
40
3155
Virtual karabakh

Mustafa Şentop: “Muzdluların Qarabağda Azərbaycana qarşı döyüşdüyünü sübut edən faktlar dünyaya göstəriləcək”

“Bakıya səfərimin 18 oktyabrda - Azərbaycanın Müstəqillik Günündə baş tutmasının bir özəlliyi var”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop NTV-yə müsahibəsində deyib.

“Ermənistanın 27 sentyabr hücumu başlayandan sonra TBMM-dəki 4 siyasi partiyamız Ermənistanı qınayan və Azərbaycanı dəstəkləyən bəyanat yaydılar. Bu səfərlə TBMM-nin Azərbaycana dəstəyini açıq şəkildə ifadə etdik. Bu, çox böyük diqqət və sevinclə qarşılandı. Onsuz da Azərbaycana hər gedişimizdə bu sevgi və diqqəti görürük. Azərbaycanda özümü qonaq deyil, evimizdə olaraq görürük. 

Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycanda bir sıra nümayəndələrlə görüşdük. Görüşlərdə xüsusilə dinc sakinlərə qarşı edilən hücumla bağlı kədərimizi paylaşdıq”. 

Şentop Azərbaycanın dost və qardaş ölkə olduğunu bir daha qeyd edib:

“Türkiyənin Azərbaycanın yanında olmasının tək səbəbi dostluq və qardaşlıq deyil, Azərbaycanın bu məsələdə haqlı olduğuna inanırıq. Dağlıq Qarabağ bölgəsi tarix boyu Azərbaycanın ərazisi olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini təsdiqləyir və bu sənədlər onların işğal edilmiş əraziləri tərk etməsinə aiddir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və ATƏT-in də bununla bağlı qərarları var. Azərbaycanı haqlı görən təkcə Türkiyə deyil. Beynəlxalq qurumlar da Azərbaycanın haqlı olduğunu görür. Bu qurumlar 5 daimi üzvün yaxın olduğu ölkələri qorumaq üçün mexanizmə çevrilib. Ona görə də Ermənistan bu qərarlara məhəl qoymur”.

TBMM sədri bildirib ki, Cenevrə sazişində dinc sakinlərə edilən hücumların insanlığa qarşı cinayət olduğu vurğulanır:

“Bu da Türkiyənin Azərbaycanı dəstəkləməsinin başqa səbəbidir. Ermənistan bu mənada təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhdidə dönüb. Bu ölkə dinc sakinləri açıq şəkildə hədəfə alır. Bu isə bütün müharibə hüquqlarında qadağan edilib. Ermənistan bunu niyə edir? Bu cür hücumların Azərbaycan tərəfindən də Ermənistana edilməsini istəyir. Bu vəziyyətdə nə olacaq? Ermənistanın Rusiya ilə sazişi var və bununla Yerevan Moskvanı münaqişəyə cəlb etmək istəyir.

Eyni zamanda Naxçıvana da hücum edilib. Azərbaycanın da Naxçıvanla bağlı Türkiyə ilə sazişi var və bununla Yerevan Ankaranı da bu işə qarışdırmaq istəyir. Bu səbəbdən Ermənistan bütün bölgə üçün təhdiddir.

Dünyanın gözü qarşısında Ermənistan Azərbaycanın günahsız, məsum insanlarına hücum edir, evləri dağıdır, ailələri məhv edir və buna nəinki etirazlar var, hətta ATƏT-in Minsk qrupundakı həmsədr ölkələr Ermənistana silah yardımı edir. Yardım deyirəm, çünki Ermənistanın iqtisadi cəhətdən silah almağa gücü yoxdur. Azərbaycan yavaş-yavaş bunları dünya ictimaiyyətinin gözləri qarşısına sərəcək. Bəzi silahların mənşələri, emal tarixləri ilə bağlı Azərbaycanın əllində sübutlar var”.

Şentop fərqli ölkələrin pasportları ilə Dağlıq Qarabağa gəlib, Azərbaycana qarşı döyüşənlərin olduğunu, bununla bağlı sübutların ən qısa zamanda Azərbaycan tərəfindən dünyaya göstəriləcəyini deyib. O bildirib ki, Azərbaycan haqlı olduğu üçün uğur qazanacaq.

TBMM sədri dinc sakinlərin ən çox hədəfə alındığı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə getdiyini də qeyd edib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri