Ən çətin anlarda, ümidsizlik əl-qolumuzu bağlayanda, bir dost əlinin yardımına ehtiyac duyanda ağlımıza birinci onları köməyə çağırmaq gəlir: “Fövqəladə Hallar Nazirliyinə zəng edək”.
Bugünkü müsahiblərimi simurqa bənzətmək olar. Onlar “qanadlarında ümid daşıyırlar”. “Qəzəblənmiş od allahı” alovlarını meşələrə salanda, əl çatmaz, ün yetməz bir yerdə, “bu sondur” deyəndə onlar əfsanəvi simurq quşu kimi dadımıza yetişirlər.
Oxu.Az olaraq onların peşə günündə çətin və məsuliyyətli işləri ilə yaxından tanış olmaq üçün bu dəfə FHN-in Aviasiya Dəstəsinin yerləşdiyi əraziyə yollandıq.
“Helikopterə baxış keçirdik və heç bir problem yoxdur. Artıq uçuşa hazırıq”, - Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin pilotları deyirlər.
Uçuşun reallaşmasından əvvəl heyətə tapşırıqlar verilir.
Uçuş zamanı hər hansı hadisə baş verərsə, onun qısa müddətdə və keyfiyyətli həlli üçün gündəlik profilaktik və nəzəri təlimlər keçilir.
Budur uçuşa hazırdırlar.
Qısa arayış:
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb.
Onlar ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Aviasiya Dəstəsinin əsas işi hava gəmiləri (helikopter və təyyarə) ilə axtarış-xilasetmə, yanğınsöndürmə, yüklərin və şəxsi heyətin daşınmasını həyata keçirir.
Dəstə üzvlərinin işi soyuqqanlı olmağı da tələb edir.
Uçuş zamanı helikopterdə bir komandir, bir təyyarəçi şturman və bort-texnik (mühəndis) olur.
Eyni zamanda, təyyarə uçuşa qalxdıqda bir komandir, bir ikinci pilot, bir şturman və bort-texnik (mühəndis) olur.
Helikopterdə 26 nəfərə, təyyarədə isə 50 nəfərə kimi şəxsin daşınması reallaşa bilər.
Hadisə olan zaman uçuşa hazırlıq prosesi isə 30 dəqiqə çəkir.
Aviasiya Dəstəsinin rəis müavini Rəhim Cəfərov deyir ki, qurumun bazasında “Mi-172”, “Mi-17-1V”, “Ka-32A” helikopterlər və “Be-200ÇS” amfibiya təyyarəsi var:
“Dəstə tərəfindən fövqəladə hallar zamanı sudan və qurudan xilasetmə işləri həyata keçirilir. Əgər hadisə yoxdursa, o zaman pilotların hazırlıq dərsləri və təlim uçuş məşğələləri keçirilir”.
Öyrənirik ki, yanğınsöndürmə əməliyyatında suboşaldıcı qurğulardan (basketlərdən) istifadə olunur. Basketlərə su isə dəniz və süni göllərdən doldurulur. Onların tutumu üç tondur.
Dəstənin pilotları gündüz vizual, gecə isə naviqasiya avadanlığından istifadə etməklə uçuşları aparırlar.
Gecə vaxtı yanğın söndürməyə, xilasetməyə icazə yoxdur.
Aviasiya Dəstəsinə məxsus helikopterlər tək ölkəmizdə deyil, xaricdə də meşə yanğınlarının söndürülməsində iştirak edirlər.
R.Cəfərov deyir ki, yanğın baş verən ölkələrin müraciəti əsasında helikopter və təyyarəmiz digər ərazilərə iştiraka gedir:
“Xarici ölkələrdə xilasetmə və yanğınsöndürmə işlərinə cəlb olunmuşuq və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmişik. Rusiya Federasiyası ərazisində baş verən yanğının söndürülməsi prosesi daha çətin olub. Digər ölkələrdə yanğınsöndürmə zamanı fərqlilik təkcə relyefdə olur”.
Dəfələrlə olub ki, yanğın yerinə helikopter gəlir və insanlar narazılıq edirlər ki, su yanan əraziyə tökülmür.
Rəis müavini deyir ki, yanğının həmişə tam üstünə su tökmək vacib deyil:
“Əsas məsələ böyük yanğınların içinə girmədən ətraf ərazilərə alovun yayılmaması üçün çalışmaqdır. Helikopterin yanğın zamanı çox aşağı yüksəkliyin üzərindən keçməsi təhlükəlidir. Çünki alov mühərrikə daxil ola və onu sıradan çıxara bilər”.
Helikopter eskadrilyasının komandiri, polkovnik-leytenant Emil Kərimovun sözlərinə görə, “Mi-17” tipli helikopter dörd saat dayanmadan uça bilər:
“Sonra yanacaq doldurub, yenə havaya qalxmaq olar. Uçuşda bütün elementlər çətindir, ən çox eniş”.
Helikopterdə paraşüt olmamasını da öyrənirik. Sadəcə hərbi (döyüş) helikoplerdə və təyyarələrdə paraşüt olur.
Qeyd edək ki, pilot olmaq istəyənlər həkim komissiyasını keçməli, uçuş bacarığı olmalı və Aviasiya Akademiyasını bitirməlidirlər.
Pilotlar sağlamlıqları imkan versə, 65 yaşa qədər işləyə bilər.
Çətin ərazilərdə xilasedici kimi çalışan Xüsusi Riskli Xilasetmə bölüyünün komandiri, kapitan Əli Şirəliyev deyir ki, dağlıq, çətin, nəqliyyat infrastrukturu olmayan relyeflərdə axtarış-xilasetmə və təxliyə işlərini görürlər:
“Çox çətin vəziyyətlərlə qarşılaşmışıq. Bir neçə il əvvəl alpinistlərin axtarışını aparan zaman bizdən 200 metr kənara qar uçqunu baş verdi. Biz oradan bir dəqiqə gec uzaqlaşsaydıq, qar uçqununda qala bilərdik. Eyni zamanda, dağlarda vəhşi heyvanlarla üz-üzə qalmışıq. Çalışırdıq ki, sakitliyimizi qoruyaq ki, həmin heyvanların hücumuna məruz qalmayaq. Çünki bizdə sadəcə xilasetmə alətləri var idi. Yadımda qalan çətin məqamlardan biri iyun ayında dağlıq ərazidə çoban axtarışı olub. Elə olurdu ki, günlərlə biz aç qalırdıq. Ərazi çox çətin olduğu üçün bizə atla ərzaq gətirdilər və üç günə çatdı. Həmin müddət ancaq su ilə qidalandıq və axtarış etdik. Daha sonra 110 kiloqram çəkisi olan çobanı o çətin relyefdən düşürdük”.
O deyir ki, Azərbaycanla yanaşı, Türkiyədə, Gürcüstanda meşə yanğınlarında yaxından iştirak edib.
Qeyd edək ki, dəstənin tərkibində ambulans tipli helikopter var və fövqəladə hadisə zamanı həkim briqadasını dərhal hadisə yerinə çatdırılmasında, zərərçəkənlərə təcili tibbi yardım göstərilməsində, onların təxliyə edilməsində geniş istifadə edilir.
Helikopterin salonu oturaq və yataq xəstələrin daşınması, onlara yerindəcə təcili tibbi yardımın göstərilməsi üçün tam uyğunlaşdırılıb. Helikopterdə beş yataq xəstəsi götürülə bilər.
Ambulans helikopterinin çağırılması üçün ilk olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng etmək lazımdır.
Göstəriş komanda məntəqəsinə, oradan uçuş məntəqəsinə, oradan isə dəstə rəhbərinə məruzə olunur.
Dəstə rəisi uçuşun keçirilməsi ilə bağlı qərar qəbul edir və bununla bağlı eskadrilya komandirinə göstəriş verilir.
Eskadrilya komandiri uçuş üçün ekipaj təyin edir. Nəticədə ekipaj hadisə yerinə uçuş həyata keçirir, təyin olunmuş məntəqədən xəstəni götürüb və digər məntəqəyə çatdırılır.
Xəstə arxasınca gedən ambulans helikopterində üç ekipaj üzvü olmaqla, beş nəfər gedir.
Çətin peşə sahiblərinə həmişə vertolyotları kimi yüksəklərdə olmağı arzu edirik.
İlhamə Əbülfət
Rəylər