“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov “1&Only” adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, müğənni ekran işində yarıçılpaq rol alıb.
Qeyd edək ki, Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. 1995-2006-cı illərdə 160 saylı orta məktəbdə təhsil alıb. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və məktəbi fərqlənmə diplomu ilə bitirib.
2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlib. Alman dilində sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşayıb. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib.
2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin (BSU) tələbəsi olub. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirib.
2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı “Running Scared” mahnısı ilə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 221 xal toplayaraq müsabiqənin qalibi olub. Ölkəmiz buna görə 2012-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanıb.
Aytən Sadıqzadə
www.oxu.az