Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Elgizin verilişdən qovulması ilə bağlı ARB-dən AÇIQLAMA - YENİLƏNİB
Ötən gün ARB TV-nin “Səhər-səhər” proqramının çəkilişi zamanı aparıcı Elgiz Əkbərlə qonaq arasında gərginlik yaşanıb.
Belə ki, KİV-in yaydığı məlumata görə, proqramın aparıcısı Elgiz verilişdən uzaqlaşdırılıb.
Oxu.Az-ın məlumatına görə, məsələ ilə bağlı kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov Lent.az-a açıqlama verib. O qeyd edib ki, bununla bağlı heç bir xüsusi iclas olmayıb: "Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adı çəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq”.
***
22 sentyabr, 23:01
Bu gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb.
Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, aparıcı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının koordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb. Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.
Əldə etdiyimiz məlumata görə, çəkiliş yarımçıq qalıb. Verilişdən sonra iclas keçirilib və ARB kanalının rəhbərliyi Elgiz Əkbəri “Səhər səhər” verilişinin aparıcılığından uzaqlaşdırıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Vasif Akifli xəbəri təsdiqlədi. O, mübahisə yarandığı üçün verilişi tərk etdiyini bildirib. Həmin proqramın isə efirə gedib-getməyəcəyini bilmədiyini qeyd edib.
A.M.