"Space" telekanalının "Hər gün" informasiya proqramında müğənni Fədayə Laçın və "Qoca" ləqəbli sevgilisi Etibar Məmmədovla bağlı süjet yayımlanıb.
Oxu.Az xəbər verir ki, ifaçı 2015-ci ildə qonaq olduğu "Məhəbbət əhvalatları" verilişində sevgi etirafı edib.
Fədayə Laçın müsahibəsində "Bizi dəmir barmaqlıqlar ayırdı. O, həbsxanaya, qazamata, qara zindana düşdü. Biz qovuşmadıq. Bir dəfə xəstəxanada yatırdı. Yanında qalımaq istədim, özü də buna icazə verdi. Ən xoşbəxt günlərimi xəstəxanada yaşadım" sözlərini deyir və ağlayır.
Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub. Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasından qaçan məhbus, "Qoca" ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E.Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub və aldığı güllə yarası nəticəsində vəfat edib.
A.S.