Bakıda tanınmış müğənninin evinin qarət olunması ilə bağlı məlumatlar vermişdik. Naməlum şəxslər İbrahim Borçalının Binəqədi rayonunda yerləşən evindən külli miqdarda qızıl-zinət əşyaları və pul oğurlayıblar. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə müğənninin evini qarət edən 3 nəfər tutulub.
Oxu.Az Milli.Az-a istinadla bildirir ki, müğənni Biləcəri qəsəbəsində yerləşən həmin evi bacısı oğlu üçün tikdirib. Bir neçə gün əvvəl evə soxularaq 6000 manat dəyərində qızıl və 150 manat pul oğurlayıblar. Oğrular evdə dəftərin arasına qoyulmuş 5000 manat pulu görməyiblər. Dəftərin arasında o qədər pulun olması onların ağlına gəlməyib. Hadisədən sonra həmin pulu evdə tapıblar.
Müğənninin sözlərinə görə, oğrulardan biri yaxınlıqda yaşayan adam olub və evin ona məxsus olmasını bilməyiblər:
“Oğrular mənə dedilər ki, bilsəydik, sənin evindir, heç belə iş tutmazdıq. Polis sağ olsun. Qızılların böyük hissəsini oğrulardan alıb geri qaytardılar”.