Gözlənilir ki, Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Vaşinqtonun beşinci nəsil "F-35" hərbi təyyarələrinin Ankaraya tədarükünə icazə vermək niyyətində olduğunu açıqlayacaq.
Oxu.Az xəbər verir ki, bu ehtimal barədə "The New York Times" (NYT) nəşri öz mənbələrinə əsaslanaraq məlumat yayıb.
Qəzetin məlumatına görə, Ağ Ev rəhbərinin Konqres tərəfindən tətbiq edilən qadağanı necə ləğv edəcəyi və bu prosesi hansı formada reallaşdıracağı hələ tam məlum deyil. Adı çəkilməyən ABŞ rəsmilərinin fikrincə, Türkiyənin yenidən "F-35" layihəsinə daxil edilməsinə başlamaq üçün dövlət başçıları arasında rəsmi məktublaşma həyata keçirilə bilər.
Məqalədə, həmçinin vurğulanır ki, amerikalı dövlət xadimləri prezidentin son anda qərarını dəyişə bilmə ehtimalını da rədd etmirlər. Xatırladaq ki, iyunun sonunda Brüsselin "Euractiv" portalı belə bir məlumat yaymışdı ki, əgər rəsmi Ankara "S-400" sistemlərindən imtina edib onları Rusiyaya deyil, "üçüncü ölkəyə" satarsa, Vaşinqton "F-35" qırıcılarının Türkiyəyə tədarükü məsələsini yenidən gündəmə gətirə bilər.
ABŞ 2019-cu ildə Rusiyanın "S-400" hava hücumundan müdafiə komplekslərini aldığı üçün Türkiyəni "F-35" proqramından çıxarmışdı. ABŞ öz qərarını onunla əsaslandırmışdı ki, Türkiyə silahlı qüvvələrində hər iki sistemdən istifadə etməklə "F-35"in "S-400" kompleksinə qarşı zəif nöqtələri barədə məlumat toplaya bilər.
"F-35" təyyarələrinin Türkiyəyə verilməsinin əleyhinə, həmçinin Ankara ilə münasibətləri pisləşən İsrail və Türkiyənin NATO üzrə müttəfiqi olan, eyni zamanda, Ankaranın tarixi rəqibi sayılan Yunanıstan da fəal çıxış edir. Yunanıstan və İsrail bildirirlər ki, "F-35"lərin Türkiyəyə verilməsi "regional güc balansını pozacaq".