İyunun 17-də Azərbaycanın baş prokuroru Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Yusif Aldobeayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, qonaqları salamlayan baş prokuror bildirib ki, müstəqil Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər müxtəlif sahələrdə əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə hər zaman mühüm töhfələr verib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursunda İslam dünyası ilə əməkdaşlığın inkişafı xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı beynəlxalq layihələr, ölkəmizdə təşkil olunan mötəbər tədbirlər və irəli sürülən təşəbbüslər İslam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında qarşılıqlı etimad və əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verib.
Vurğulanıb ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib.
Qeyd edilib ki, dövlətimiz İƏT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan diskussiyalarda, qərar və qətnamələrin qəbul edilməsində qəti mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq göstərir. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir.
Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva İslam ölkələri ərazilərindəki mədəni və tarixi dəyərlərin müdafiəsinə böyük töhfə verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) müxtəlif tədbirlərində aktiv iştirak edib.
Bundan başqa, baş prokuror 27-28 oktyabr 2026-cı il tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində keçiriləcək üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq işləri barədə məlumat verib.
İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Yusif Aldobeay səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüsseyn Brahim Tahanın salamını çatdırıb.
O bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında aktivliyi ilə fərqlənir, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verir.
Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzü və keçmiş münaqişə dövründə ölkəmizin haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləyib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə daim dəstək verib.
Baş katibin müavini Vətən müharibəsi zamanı və sonrakı dövrdə İƏT-in Azərbaycanın yanında olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin təşkilat tərəfindən böyük maraq və rəğbətlə izlənildiyini bildirib. O, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirib.
Y.Aldobeay əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti təşkilatın tarixində mühüm hadisələrdən biri olacaq, üzv dövlətlər arasında həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın inkişafına və İslam dünyasının qarşısında duran aktual məsələlərin müzakirəsinə mühüm töhfə verəcəkdir.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.