Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Corc Kenti qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, C.Kent Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla qeyd edib.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrində uğurlu inkişafından məmnunluq ifadə edilib və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi layihələrindən bəhs edib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.
Elmar Məmmədyarov Azərbaycanın NATO ilə tərəfdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu bildirib.
Corc Kent qeyd edib ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və digər sahələrdə Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir. O, ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə qeyd edib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə danışaraq vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.