Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Xızıya səfəri çərçivəsində bir sıra obyektlərin inşası işləri ilə tanış olub, həmçinin açılışlarda iştirak edib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Xızıda mühüm işlər görülür və vacib layihələr reallaşdırılır. Rayonun mərkəzində yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb.
Burada Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi həm də Azərbaycanın müasir reallıqlarını əks etdirir.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Binada, həmçinin Prezident İlham Əliyevin Xızıya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu Mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur.
Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkilinə geniş imkanlar yaradır. Mərkəzdəki kompyuter otağı, rəsm və dizayn studiyaları, virtual sinif də müasirliyi ilə diqqəti cəlb edir. Burada rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb. Mərkəzdəki 230 yerlik akt və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədilə açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Buraya gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Əməkdar Müəllim Xatirə Şahgəldiyeva Prezident İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə də tanış olub.
Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasını daha da gözəlləşdirir. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada Xızı rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayon icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.
Dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə, həmçinin Prezident İlham Əliyevin müxtəlif illərdə Xızı rayonunda keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.
Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə də tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar vardır. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində həmçinin Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması və ya yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Xızı rayonundakı Heydər Əliyev Parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir. Rayon mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkının ərazisi tamamilə yenidən qurulub. Xızının mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.
Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilində ciddi dəyişikliklərə səbəb olub. Şəhər və rayonlarımızın simasını daha da gözəlləşdirən yeni parkların salınması, həmçinin mövcud parkların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu da regionlarda həyata keçirilən quruculuq işlərinin davamlı və kompleks xarakter daşımasına əyani sübutdur.
Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verildi.
Bildirildi ki, layihədə nəzərdə tutulan “Xızı Grand Hotel” ən yüksək standartlar səviyyəsində inşa olunacaqdır.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
İqtisadiyyatın güclənməsi nəticəsində əldə edilən gəlirlər hesabına regionların sosial-iqtisadi tərəqqisinə yönəldilən tədbirlərin sayı xeyli artıb. Bu tədbirlər sırasında yeni park, xiyaban və istirahət mərkəzlərinin salınmasına və ya günün tələbləri səviyyəsində yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə yenidən qurulan parklardan biri də Xızıdakı Cəfər Cabbarlı parkıdır. Bu istirahət məkanının yenidən qurulması sosial məna daşımaqla yanaşı, həm də mənəvi əhəmiyyətə malikdir. Bu park həm də Xızıda doğulmuş Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının xatirəsinə olan ehtiramı nümayiş etdirir.
Dövlətimizin başçısı Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb. Parkda aparılan yenidənqurma işləri zamanı ən xırda detallar da nəzərə alınıb. Bunun nəticəsidir ki, park Xızının ən gözəl və görkəmli yerlərindən birinə çevrilib. Burada yaradılan şərait həm də ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin həcmini aydın göstərir. Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olmuş, görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan bu parkda yaradılan şərait istər rayon sakinlərinin, istərsə də Xızıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.
Daha sonra İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan yeganə ölkələrdəndir ki, təbii fəlakətlər zamanı evləri dağılmış insanlara dövlət vəsaiti hesabına yeni mənzillər tikilir. Xızı şəhərində də müxtəlif təbii proseslər zamanı 25 fərdi ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının göstərişinə əsasən həmin evlərin sahibləri üçün dövlət vəsaiti hesabına yeni evlər inşa olunub. Bu işlər qısa zamanda, həm də yüksək keyfiyyətlə həyata keçirilib. Belə tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misal, “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, - deyən dövlətimizin başçısının fəaliyyətinin real nəticələridir. Həyata keçirilən bu layihələr Azərbaycan dövlətinin ilk növbədə vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.
Bildirildi ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb. İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb.
Daha sonra Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.
Başlanğıcını Azərbaycan ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə başa çatdırılması respublikamızın şimal bölgəsi rayonlarında və Abşeron yarımadasında 150 min hektara yaxın mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahələrini suvarma suyu ilə təmin etməklə onların kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına şərait yaradıb. Buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən həmin layihənin icrası davam etdirilir.
Dövlətimizin başçısı Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çaylarında sugötürücü və nəqletmə qurğularının tikintisi, Şabran, Siyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış oldu.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verdi ki, Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında 30 min 153 hektar, o cümlədən Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.
Beynəlxalq məsləhətçilər tərəfindən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin davamı olaraq Xızı, Siyəzən və Şabran rayonlarında yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün mütərəqqi suvarma texnikasının tətbiqi ilə meliorativ tədbirlərin, eləcə də mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasının layihə sənədləri hazırlanıb. Birinci növbədə Xızı rayonunun inzibati ərazisi üzrə yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün meliorativ tədbirlərin layihə sənədləri tamamlanaraq tikintiyə hazırlıq işlərinə başlanılıb. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir. Şabran rayonunda isə bu işlər davam etdirilir.
Layihəyə əsasən Xızı rayonu üzrə yeni suvarılan torpaq sahələri dəqiqləşdirilərək, onun 9609 hektar və su təminatı yaxşılaşdırılacaq mövcud əkin sahələri 2970 hektar olmaqla cəmi 12 min 579 hektar müəyyən edilib. Layihədə yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun mövcud və yeni suvarılan torpaq sahələrinə verilməsi üçün ümumi uzunluğu 261,4 kilometr, o cümlədən 194,5 kilometr qapalı və 66,9 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 630 hektar sahədə qapalı drenaj şəbəkəsi layihələndirilib.
Bildirildi ki, cari ildə Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına Xızı və Siyəzən rayonlarında yeni suvarılan torpaqlarda meliorativ tədbirlərin aparılmasına başlanılıb. Birinci mərhələdə Xızı rayonunun 3396 hektar yeni suvarılacaq torpaq sahələrində bu işlərin tamamlanması nəzərdə tutulur.
Eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron kanalının 50-ci kilometrliyində yerləşən Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Qaraçay və Caqacuqçay şimal çaylarından sugötürücü və nəqledici kanalların tikintisinin layihə sənədləri hazırlanaraq cari ildə Qusarçay və digər iki çayda tikinti işlərinə başlanıb. Bu tədbirin başa çatması ilə Samur-Abşeron kanalına orta sulu illərdə əlavə 322 milyon kubmetrdən çox suyun verilməsinə, bununla da bu çayların zonasında yerləşən mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.
Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlini qoydu.
Dövlətimizin başçısı bölgə üçün çox mühüm əhəmiyyət kəsb edən layihənin yüksək səviyyədə icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.