"Müasir müharibələrin xarakteri göstərir ki, hərbi üstünlük artıq yalnız canlı qüvvə və ənənəvi silahlarla əldə edilmir. Ukrayna-Rusiya müharibəsi də təsdiqləyir ki, hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları (PUA) müharibənin gedişinə birbaşa təsir göstərən əsas amillərdən birinə çevrilib. Məhz bu səbəbdən NATO-nun Ankarada keçirilən sammitində Prezident Volodimir Zelenskinin əsas diqqəti Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsinə yönəltməsi təsadüfi deyil".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, son həftələr Rusiyanın Kiyevə endirdiyi intensiv ballistik raket zərbələri göstərir ki, Moskva hərbi təzyiq strategiyasını davam etdirməkdə qərarlıdır:
"Ballistik raketlərin qarşısının alınmasının çətinliyi və Ukraynanın "Patriot" sistemləri ilə bağlı yaşadığı çatışmazlıq Kiyevin Qərb tərəfdaşlarından asılılığını daha da artırır. Zelenskinin Avropa ölkələrini öz balanslarındakı "Patriot" sistemlərini Ukraynaya verməyə çağırması da məhz bu reallıqdan irəli gəlir. Digər tərəfdən Ukrayna da müharibənin coğrafiyasını genişləndirməyə çalışır. Rusiyanın neft emalı zavodlarına, enerji infrastrukturuna və hərbi obyektlərinə endirilən uzaqmənzilli dron zərbələri göstərir ki, Kiyev artıq yalnız müdafiə mövqeyində deyil, həm də Rusiyanın daxili iqtisadi və logistika imkanlarına təzyiq göstərmək strategiyasını həyata keçirir. Bu zərbələr Rusiyanın hava hücumundan müdafiə sistemlərində də müəyyən boşluqların mövcud olduğunu nümayiş etdirir".
"Xüsusilə Krım və Rusiyanın dərinliklərində yerləşən enerji obyektlərinə edilən hücumlar psixoloji və siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Ukrayna bununla Kremlə göstərməyə çalışır ki, müharibənin nəticələri artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır və Rusiya cəmiyyətinin gündəlik həyatına da təsir edir. Bu isə Moskva üçün həm daxili ictimai rəy, həm də iqtisadi sabitlik baxımından əlavə risklər yaradır. NATO-nun Baş katibi Mark Ruttenin Ukraynanın döyüş meydanında dinamikanı dəyişdirdiyini bildirməsi alyansın Kiyevə siyasi dəstəyinin davam etdiyini göstərir. Finlandiya Prezidenti Aleksandr Stubb CNBC-yə müsahibəsində bildirib ki, Ukrayna dörd ildən artıq müddətdə müstəqilliyini və suverenliyini qoruyub saxlaya bildiyi üçün Rusiyaya qarşı müharibədə qalib gəlib. İsveçin Baş naziri Ulf Kristersson da bildirib ki, Rusiya hazırda Ukraynaya qarşı apardığı müharibədə qələbə qazanmır. Bu bəyanatlar NATO müttəfiqlərinin Türkiyədə Ukraynanın gələcəyi, Rusiyanın Avropa üçün yaratdığı təhlükə və Avropa ölkələrinin ABŞ-dan asılılığını azaltmaq səylərinin əsas müzakirə mövzusu olduğu sammit çərçivəsində səsləndirilib. Bununla belə, Qərb ölkələrinin qarşısında əsas dilemma Ukraynaya veriləcək hərbi dəstəyin həcmi və davamlılığıdır. "Patriot" sistemlərinin dünyada məhdud sayda olması Qərbin dəstək imkanlarını müəyyən qədər azaldır və bu məsələ yaxın dövrdə NATO daxilində əsas müzakirə mövzularından biri olaraq qalacaq", - deyə analitik diqqətə çatdırıb.
Politoloqun fikrincə, Zelenskinin Donald Trampla görüşü də xüsusi diqqət çəkir:
"Ukrayna rəhbərliyi Vaşinqtonun hərbi və siyasi dəstəyini qoruyub saxlamağa çalışır. Xüsusilə ABŞ Administrasiyasının gələcək mövqeyi həm müharibənin gedişinə, həm də mümkün sülh danışıqlarının perspektivlərinə ciddi təsir göstərə bilər. Ümumilikdə, hazırkı mərhələdə həm Ukrayna, həm də Rusiya qarşı tərəfi hərbi və iqtisadi baxımdan maksimum təzyiq altında saxlamağa çalışır. Bununla yanaşı, diplomatik platformalarda da üstünlük qazanmaq uğrunda mübarizə davam edir. Müharibənin yaxın perspektivdə başa çatacağı ilə bağlı qəti proqnoz vermək çətin olsa da, aydın görünür ki, hava hücumundan müdafiə imkanları, uzaqmənzilli zərbə vasitələri və beynəlxalq hərbi-siyasi dəstək münaqişənin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas faktorlar olaraq qalacaq".