Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkmənistan enerji ehtiyatlarının Azərbaycan ərazisi ilə nəql imkanlarını qiymətləndirir
"Türkmənistanın və Azərbaycanın müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsində Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi xidmətlərini xüsusilə vurğulamaq istərdim. Nəqliyyat sahəsində əməkdaşlığımız həm ölkələrimiz, həm də qonşularımız üçün böyük perspektivlər açır, daha dəqiq desək, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılmış müasir infrastruktur, sıx əməkdaşlıq şəraitində ərazilərimizdən yüklərin tranzitini təmin edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov deyib.
O bildirib ki, tranzitlə bağlı məsələlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqə olmadan nəticə əldə etmək mümkün deyil:
"Bu gün nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistan və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətindən xəbər verir. Limanlarımızın daha böyük imkanlarını qeyd etmək vacibdir, çünki bizim Xəzər dənizindəki qonşularımızla müqayisədə yüklərin daşınması üçün böyük potensialımız var ki, bu da bizim həm Çindən Avropaya, həm də əks istiqamətdə tranzit yük axınının artırılması ilə bağlı mövcud çağırışlara hazır olduğumuzu göstərir. Bu baxımdan, əməkdaşlığımızın bütün nəqliyyat və logistika sahələri üzrə daha da gücləndirilməsini zəruri hesab edirəm.
Türkmənistan və Azərbaycan enerji sektorunda çox sıx ticarət-iqtisadi əlaqələrə malikdirlər. Məlum olduğu kimi, əməkdaşlığın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin perspektivləri, o cümlədən onların inkişaf yolları ilə bağlı daim konstruktiv fikir mübadiləsi aparılır. Hətta bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərinin Aşqabadda neft-qaz sahəsində keçirilən beynəlxalq elmi-praktik konfransda iştirakı da buna sübutdur. Türkmənistan müxtəlif istiqamətlər üzrə ixrac potensialını fəal şəkildə şaxələndirir, o cümlədən Xəzər dənizi vasitəsilə, qardaş ölkələrimiz olan Azərbaycan və Türkiyə ərazisi ilə enerji ehtiyatlarının üçüncü ölkələrin bazarlarına nəqlinin artırılması imkanları qiymətləndirilir".
"Hazırda Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik kabelin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində işlər aparılır. Bu sahə həm də Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada rəqəmsal xidmətlərin yaradılması üçün böyük əhəmiyyət kəsb edir", - deyə səfir qeyd edib.
Məhərrəm Əliyev
"Türkmənistan" teqi üzrə xəbərlər
- Xəzər - Azərbaycan-Türkmənistan münasibətləri timsalında sabitliyin və sülhün mühüm amilidir
- Qurbanqulu Berdıməhəmmədov Qarabağa səfər edəcək
- Rəşid Meredov: "İnformasiya texnologiyaları sahəsində əlaqələrin genişləndirilməsi vacibdir"
- BMTM-də Azərbaycan-Türkmənistan münasibətləri ilə bağlı elmi-praktik simpozium keçirilib
- Qurbanməmmet Elyasov: "Tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq lazımdır"