Qan Turalı yazır...
Zəngəzur dəhlizi bir çox cəhətlər üzrə Azərbaycana və regionun inkişafına böyük töhfə verəcək. Sözsüz ki, burada ən böyük dividend Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin təmin edilməsidir. SSRİ dövründə həm Azərbaycan, həm də Ermənistan ittifaq dövləti olduğuna görə Naxçıvanla Bakı arasında dəmir və avtomobil yolları xətti mövcud idi. Ancaq 1992-ci ildən bu yana Naxçıvan blokada şəraitinə düşdü. Bu mənada Azərbaycanın əldə etdiyi ən mühüm dividend Naxçıvanla əlaqəni bərpa etmək olacaq.
Ancaq Zəngəzur dəhlizinin əhəmiyyəti bununla məhdudlaşmır. Göründüyü kimi, Azərbaycan sərt gücə əsaslanan və öz maraqlarını diktə edən siyasət yürütmür. Halbuki, ölkəmizin bu sahədə böyük imkanları mövcuddur. Bununla belə, Azərbaycan sərt yox, yumşaq güc tətbiq edir. Belə ki, Azərbaycanın təklif etdiyi mexanizm sayəsində Zəngəzur dəhlizi vasitəsi ilə bütün region ölkələrinin maraqları qorunur. Təsəvvür edin ki, cəmi iki ay əvvəl (22 iyun) ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektlərini bombalamışdı. Ancaq ölkəmizin apardığı həssas diplomatiya iki ay qabaq müharibə vəziyyətində olan ölkələri ortaq məxrəc altında birləşə bildi.
Prezident İlham Əliyev iyul ayının 19-unda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Zəngəzur dəhlizini bu cür izah etmişdi:
"Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq".

Elə həmin görüşdə Prezident İranın bəzi dairələrinin narahatlıqlarına da bu cür cavab vermişdi:
"Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşduğu yerə qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq".
İran və ABŞ-nin maraqlarının uzlaşdırılmasından əlavə Ermənistanın da bu yoldan fayda götürəcəyi şəksizdir. Belə ki, hazırda Ermənistanın İranla dəmir yolu əlaqəsi yoxdur. Halbuki, 2024-cü ildə İran və Ermənistan arasında ticarət dövriyyəsi 737.4 milyon ABŞ dolları olub.
Hələ Çar Rusiyası dövründə Tiflisdən başlanan dəmir yolu xətti İrəvana, oradan da Uluxanlıdan (Masis) keçməklə Culfaya qədər gedirdi. Bu dəmir yolu İran və Rusiya arasında yeganə dəmir yolu xətti idi. Culfa dəmiryol stansiyası 1908-ci ildən Uluxanlı-Culfa, 1915-ci ildən Təbriz-Culfa, 1941-ci ildən isə Mincivan-Culfa xətləri üzrə fəaliyyət göstərib.
HAŞİYƏ: Həmidə xanım Məmmədquluzadə öz xatirələrində 1921-ci ildə Təbrizdən qatarla Culfaya gəlmələrindən bəhs edir. Qatar Culfadan Tiflisə, oradan da Bakıya gəlmişdi. O zamanlar Naxçıvanla Bakı arasında əlaqə bu uzaq marşrutla (Culfa-İrəvan-Tiflis-Bakı xətti ilə) həyata keçirilirdi. 26 mayda yola çıxan Məmmədquluzadələr 29 mayda Tiflisə çatmışdılar.
Burada başqa bir istiqamət də Rəşt-Astara xəttidir. Söhbət Azərbaycanın İranla sərhəd olan Astara ilə İranın Xəzər sahilində yerləşən Rəşt şəhərini birləşdirməkdən gedir. Azərbaycan Astarasından İran Astarasını birləşdirən dəmiryol xətti 2018-ci ildə istifadəyə verilib. Azərbaycan İrandakı Astara stansiyası və yük terminalını 25 illik icarəyə götürüb. İran Astarasından Rəştə gedən dəmir yolunun hazır olması 2028-ci ilə planlaşırdırılır. Layihənin Rəşt Qəzvin hissəsi isə 2019-cu ildə istismara verilib.
Prezident yuxarıda qeyd olunan görüşdə Zəngəzur dəhlizinin Şimal-Cənub dəhlizinin başqa istiqaməti olduğunu qeyd etmişdi:
"Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə".
Göründüyü kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, eyni dərəcədə Türkiyə, İran, Ermənistan, Rusiya, Çin, Körfəz ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Dünyada müharibələrin sürətləndiyi, dünya iqtisadiyyatının logistika ucbatından gerilədiyi bir zamanda Azərbaycanın öncüllüyü ilə açılan bu yeni marşrut qlobal və dayanıqlı sülhə xidmət edir. Dayanıqlı sülhün yolu təkcə güclü ordudan yox, həm də güclü iqtisadi əlaqələrdən keçir. Bu mənada Zəngəzur dəhlizinin dünya iqtisadi sistemi üçün mühüm əhəmiyyəti mövcuddur.
Bəlkə də, nə zamansa Zəngəzur dəhlizi ilə Culfaya çatıb oradan da Təbrizə qatarla gedə biləcəyik...