24 
Sen
2018
10:21
90
394
29056
Virtual karabakh

Əgər yerimizdə sayırıqsa, pullar hara gedir?

24 Sen, 2018
10:21
29056

Əgər yerimizdə sayırıqsa, pullar hara gedir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yağış bir neçə saat davam etsəydi, nə olacaqdı?

Bazar günü səhər saatlarında bir neçə dəqiqə davam edən güclü yağış Bakının mərkəzi küçələrini əsl çaya çevirdi. Elə yerlər vardı ki, orada suyun dərinliyi yarım metrə çatırdı. Əgər yağış ən azı bir saat davam etsəydi, onda qırmızı səviyyədə fövqəladə vəziyyət elan etmək lazım olacaqdı.

Axı Azərbaycanın ekoloqlarından biri Telman Zeynalov Oxu.Az-a açıqlama verərkən, payızda leysan yağışlarının olacağı ilə bağlı xəbərdarlıq etmişdi. 

Heç bir bahalı avadanlıqlar və təhqiqatlar olmadan ekoloq yağıntı səviyyəsinin bir neçə dəfə artırılmasını dəqiq proqnozlaşdırdığı, saytımızda dərc olunan məqaləni minlərlə insan oxuyub, ancaq görünür, “Azərsu”dan heç kim bu sual ətrafında düşünməyib: bəlkə, ekoloq haqlıdır və onda nə olacaq?

Bu mövzuda uzun-uzadı düşünməyə dəyməz - əgər “Gelandewagen”dəki oğlan olmasaydı, sel sularına ilk qurbanı verəcəkdik.

Baş verənlərə kim cavabdehdir?

Bazar günü səhər baş verən leysanın fəsadlarını indi hamı - insanlar, xidmətlər, hakimiyyət və sinoptiklər analiz edir. Meteoroloqlar bəyan edir: Bakıya bir saat ərzində aylıq norma həcmində yağıntı düşüb. 

Xüsusilə su axınının güclü olduğu yer bu yaxınlarda istifadəyə verilən Qış Parkının olduğu küçədir. Sanki son illər yollarda aparılan təmirlərdən sonra şəhərdə vəziyyət daha da pisləşib. Yağış suları üçün nəzərdə tutulmuş borular haradadır?

Bu vəziyyətə görə təkcə güclü yağış deyil, eləcə də, “Azərsu” ASC günahkardır. 

İş burasındadır ki, yağış suları üçün nəzərdə tutulmuş sistemlərinin rekonstruksiyası ilə bu dövlət qurumu məşğul olur. Və hər il prezident risklərin aradan qaldırılması üçün bu quruma on milyonlarla manat ayırır. 

Bu, necə baş verdi?

1970-ci ildə “Qiprokommundortans” tərəfindən Bakının yağış kanalizasiyası planı hazırlanıb, ancaq işlər yekunlaşdırılmayıb. 1997-1998-ci illərdə “Montgomery Watson” və “Azspesprominvest” müəssisələri birlikdə “Böyük Bakının su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi” layihəsini hazırladı. Ancaq bu layihə də sona çatdırılmadı. 

Müstəqillik əldə edildikdən sonra su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi işləri davam etdirildi. O gündən bu işlərlə “Azərsu” məşğul olur və görünür, biz 70-ci illərdən yerimizdə sayırıq. 

Prezident İlham Əliyevin Azərbaycanın, xüsusilə də vacib ərazilər olan Salyan və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi ilə bağlı son illər ondan çox sərəncamı var. 

- Hətta 2016-cı ildə İlham Əliyev Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrupu yaradıb. 

- Bu ilin əvvəlində İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi üçün “Azərsu” ASC-yə 12 milyon vəsait ayırıb. 

- Daha sonra prezident Bakıda “Ağ şəhər” deyilən ərazidə su təchizatının, kanalizasiya və yağış suları sistemlərinin rekonstruksiya işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb və bunun üçün quruma 3 milyon manat vəsait ayırıb, bundan başqa, Tovuz şəhərində su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər üçün 14 milyon manat ayrılıb. 

- Bu ilin yayında ölkə başçısı Ağdaş rayonunda su təchizatının və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması üçün sərəncam imzalayıb. “Azərsu” ASC-yə 22 milyon manat vəsait ayrılıb. 

- İlham Əliyev kadrların hazırlanması üzrə tədris mərkəzinin yaradılması layihəsinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 5 milyon manat vəsait ayırıb. 

- Bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi üçün dövlət büdcəsindən “Azərsu” ASC-yə 3 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalayıb. Kollektorun tikintisində məqsəd Bakı körfəzində çirkab sularının qarşısının alınması, eləcə də, Bayıl, 20-ci sahə və Şıxovda belə suların axıdılması sisteminin təşkilidir. 

Belə çıxır ki, təkcə bu il “Azərsu” ASC-yə 60 milyon manata yaxın vəsait ayrılıb. Bu pulla bütün köhnə sistemləri yenisi ilə əvəz etmək olardı. 

Qısamüddətli yağış bütün mərkəzi küçələri su altında qoydu, məşhur “Yerelaş”da olduğu kimi soruşulur - pullar haradadır? 

Bakının bəzi əraziləri yağışdan sonra Venesiyanı xatırladırdı. 

Məhz “Azərsu”nun əməkdaşları paytaxtın yağış sularından təmizlənməsi ilə məşğul olmalıdır. Ancaq hər il yaşanan oxşar mənzərələrə baxmayaraq, Azərbaycanda heç kim cəzalandırılmayıb. 

Görünür, sərt tədbirlər görmək və ya sadəcə, maraqlanmaq vaxtıdır: bu problem həll olunmursa, dövlət büdcəsindən ayrılan pullar hara gedir? 

Biz öz vəzifəsinin öhdəsindən gəlməyən məmurların acı təcrübəsi haqqında məlumatlıyıq... Uzağa getmək lazım deyil. Bütün ölkənin enerjisiz qalmasına səbəb olan kiçik qəzadan sonra “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev vəzifəsindən azad edilib. 

Sonda xatırlatmaq istərdik ki, “Azərsu” rəhbəri Qorxmaz Hüseynov vaxtila bildirmişdi:

“Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması məqsədilə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Master Plan hazırlanıb”.

Dostlar, hər şey uzun illər sonra həyata keçiriləcək? Yağmurlu payız olacaq? Narahat olmayın, hava ilə doldurulmuş katerlərdən istifadə edin və 2035-ci ili gözləyin...

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri