Gənclər və İdman naziri Azad Rəhimov Türkiyənin İstanbul şəhərində səfərdədir.
Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, Gənclər günü münasibəti ilə İstanbulda keçirilən tədbirdə A.Rəhimov İƏT-in Gənclər və İdman nazirlərinin dördüncü konfransının sədri qismində iştirak edib.
Çıxışı zamanı o, tədbir iştirakçılarını Gənclər günü münasibəti ilə təbrik edib və bildirib ki, İƏT-ə üzv ölkələrin Gənclər və İdman nazirlərinin Bakı toplantısından sonra qardaş Türkiyədə İƏT Gənclər gününə həsr edilmiş təbdir bu coğrafiyada gənclər siyasətinin inkişafı üçün təcrübə mübadiləsinin aparılması, bu istiqamətdə inkişaf prosesinə dair yeni fikir və ideyaların öyrənilməsi və gələcək istiqamətlərin müəyyən edilməsi üçün mühüm fürsətdir.
Gənclərin hər bir ölkənin gələcək inkişafında bünövrə rol oynadıqlarını diqqətə çatdıran A.Rəhimov İƏT-ə və onun Gənclər Forumuna bu istiqamətdə göstərilən səylər və dəstək üçün təşəkkür edib. Çıxışının davamında A.Rəhimov diqqətə çatdırıb ki, 2004-cü ildə İƏT Gənclər Forumunun Təsis Konfransının Bakıda keçirilməsi və 2010-cu ildən isə İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinə məhz Azərbaycan hökumətinin ev sahibliyi etməsi dövlətimizin gənclər siyasətinə verdiyi önəm və diqqətin bariz nümunəsidir:
“2020-cu ildə Azərbaycanın sədrliyi altında Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda baş tutması dediklərimin əyani sübutudur. Sonda mən, əziz gənclər, sizi və ümmət gənclərini 2020 İƏT Gənclər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”.
Qeyd edək ki, tədbirdə Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, İƏT-in Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan, İƏT-ə üzv ölkələrinin səfir və baş konsulları iştirak edib. Eyni zamanda, tədbirdə İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Osayminin müraciəti iştirakçıların diqqətə çatdırılıb.
Tədbirin sonunda Azad Rəhimovun iştirakı ilə Beynəlxalq Fotoşəkil Müsabiqəsinin təltifetmə və M.M.Kasapoğlu ilə İƏTGF-nin prezidenti Taha Ayhan arasında 2020-2021 illər üçün Əməkdaşlıq Protokolunun imzalanma mərasimləri keçirilib.
Xatırladaq ki, 2017-ci ildən etibarən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) hazırkı baş katibi Yusif bin Əhməd əl-Osayminin təklif və quruma üzv ölkələrin Xarici İşlər nazirləri şurasının təsdiqi əsasında hər il 3 sentyabr tarixi İƏT ölkələrin “Gənclər günü” kimi qeyd olunur.
Azad Rəhimov İstanbulda konfransa sədrlik etdi - FOTO/VİDEO
Rəylər